No:602/23, Nazir Ceyhun Bayramovun Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Xəlifə Şahin Əlmarar ilə görüşünə dair mətbuat məlumatı
18 oktyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçiriləcək növbədənkənar iclasında iştirakı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Xəlifə Şahin Əlmarar ilə görüşüb.
Görüşdə tərəflər arasında Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli və çoxtərəfli müstəvidə mövcud əməkdaşlıq gündəliyi, energetika və iqtisadi sahədə əməkdaşlıq məsələləri, İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıb.
İki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın son hərbi-siyasi təxribatlarından irəli gələn təhdidlər, Azərbaycanın erməni silahlı qüvvələrinə və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi anti-terror tədbirlərini şərtləndirən amillər və aparılan tədbirlərdən sonra bölgədəki cari vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Görüşdə tərəflər həmçinin qarşılqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələləri müzakirə edib.