No:598/22, Xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı ilə bağlı mətbuat məlumatı

22 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

 

Nazirlər bölgədə və Laçın yolu ətrafında cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

 

Nazir Ceyhun Bayramov Azərbaycan tərəfinin Laçın yolunda öhdəliklərə uyğun olaraq vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verdiyini və Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının, sülhməramlı kontingentin avtomobillərinin və digər nəqliyyat vasitələrinin hərəkəti barədə videolardan göründüyü kimi yolun açıq olduğunu diqqətə çatdırıb.

 

Bununla yanaşı, azərbaycanlı aktivistlərin etiraz aksiyasının Azərbaycan ərazilərində ermənilərin qeyri-qanuni iqtisadi fəaliyyətinə qarşı həyata keçirildiyi və bu, habelə hərbi təxribatların qarşısının alınması barədə etirazçıların tələblərinin yerinə yetirilməsinin vacib olduğu vurğulanıb.

 

Yoldan humanitar məqsədlə istifadə edilməsinə bütün şəraitin yaradılmasına baxmayaraq, Ermənistan tərəfinin və Azərbaycan ərazilərində erməni sakinlərin “nümayəndələri” kimi özlərini təqdim edən şəxslərin əhalini yoldan istifadədən çəkindirməsinin və bununla süni şəkildə guya humanitar vəziyyətdə pisləşmə təəssüratı yaratmasının qəbuledilməz olduğu bildirilib.

 

Telefon danışığı zamanı, həmçinin iki dövlət arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri və qarşılıqlı maraq doğuran digər sahələr ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti