No:588/23, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələrinə dair mətbuat məlumatı 

23 sentyabr 2023-cü il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən xarici dil biliyinin “Dinləyib-anlama”, “Oxuyub-anlama”, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi, sentyabrın 24-də isə danışıq bloku üzrə imtahan keçirilib.

 

İmtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50%-dən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlər üçün isə 40%-dən yuxarı) nəticə göstərən 140 namizəd buraxılıb.

 

Xarici dil imtahanının hər iki hissəsində 137 nəfər iştirak edib.

 

İmtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin qrafik təsviri ilə DİM-in internet saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərlər: https://eservices.dim.gov.az/2023/netxin/

 

Namizədlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

Azərbaycan dilində icra olunan esse tapşırığından 50% (30 bal) və xarici dilin bütün komponentləri üzrə cəmi 60% (36 bal), hər bir komponenti üzrə 20%-dən (“dinləyib-anlama” və “danışıq” bacarığnın hər biri üçün 2 bal, “oxuyub-anlama” və “yazı” bacarığının hər biri üçün 4 bal) az olmayaraq nəticə göstərən namizədlər yazılı imtahanın ikinci mərhələsindən müvəffəqiyyətlə keçmiş hesab olunurlar.

 

Hər iki mərhələ üzrə ümumi balın hesablanması imtahanın 1-ci mərhələsi üzrə (maksimum 120 bal), imtahanın 2-ci mərhələsinin “Xarici dil fənni” üzrə (maksimum 60 bal) və Azərbaycan dili üzrə “esse” yazısı üzrə toplanan (maksimum 60 bal) balların cəmlənməsi yolu ilə aparılır. 

 

Yazılı imtahanın hər iki mərhələsindən müvəffəqiyyətlə keçmiş və müsahibə mərhələsinə buraxılan iştirakçıların sayı 95 nəfər olub.

 

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 18 oktyabr 2023-cü il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

 

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 13 oktyabr saat 10:00-dan 15 oktyabr saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti