No:558/22, Xarici işlər naziri Ceyhun Bayramovun Yaponiyanın xarici əlaqələr üzrə dövlət naziri Şunsuke Takei ilə görüşünə dair mətbuat məlumatı
2 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 29-cu iclası çərçivəsində Yaponiyanın xarici əlaqələr üzrə dövlət naziri Şunsuke Takei ilə görüşüb.
Görüşdə bu il iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunduğu, coğrafi olaraq bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Yaponiya ilə Azərbaycan arasında qarşılıqlı hörmət və etimad əsasında əməkdaşlıq əlaqələrinin qurulduğu vurğulanıb.
Görüşdə siyasi məsləhətləşmələr mexanizminin, habelə qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. İki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə, habelə çoxtərəfli platformalarda əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında müzakirələr aparılıb. Bu xüsusda, alternativ enerji mənbələrindən istifadənin potensialının artırılması, iri investorlar üçün münasib olan Ələt Azad İqtisadi Zonasına sərmayə qoyuluşu istiqamətində əməkdaşlıq imkanlarından bəhs edilib. İşğaldan azad olunmuş ərazilərdə Yaponiya şirkətlərinin quruculuq prosesində iştirakı təşviq olunub.
Nazir Ceyhun Bayramov, həmkarına bölgədə mövcud cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalının nəticələrinin aradan qaldırılması istiqamətində ölkəmiz tərəfindən atılan əməli addımlar barədə məlumat verib. Nazir, eyni zamanda ərazilərimizdə mövcud mina təhlükəsi, bunun yaratdığı ciddi humanitar fəsadlardan söz açıb.
Görüşdə tərəflər, Yaponiyanın 2023-cü ildə BMT Təhlükəsizlik Şurasına üzvlüyü çərçivəsində mümkün əməkdaşlıq, həmçinin qlobal və regional aktual mövzular və təhdidlər ətrafında fikir mübadiləsi aparıb.