No:550/22, Xarici işlər naziri Ceyhun Bayramovun Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə görüşünə dair mətbuat məlumatı
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə görüşüb.
Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, siyasi, iqtisadi, ticarət, energetika, humanitar və digər sahələrdə əlaqələr, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanla Yunanıstan arasında son dövrlərdə artan təmasların, xüsusilə də cari ilin 1 oktyabr tarixində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşün əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov həmkarına post-münaqişə mərhələsində yaranmış yeni reallıqlar, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, azad olunmuş ərazilərin bərpa və quruculuq işləri, habelə Ermənistanın proses çərçivəsində törətdiyi çətinliklər və maneələr barədə ətraflı məlumat verib.
Görüşdə, həmçinin iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı maraq ifadə olunub.