No:532/23, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin bölgədəki son hadisələr ilə bağlı bəyanatına dair şərh
21 sentyabr tarixində Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel tərəfindən bölgədə baş verən son hadisələrlə bağlı verilən və regiondakı reallıqları qəsdən təhrif edən bəyanat tamamilə qeyri-adekvatdır.
Sözügedən İttifaqın Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxın hərbi işğalı, azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti və insanlıq əleyhinə cinayətləri qınamaqdan çəkinməsi ilə yanaşı, 2020-ci ildə baş vermiş müharibədən sonra Azərbaycana qarşı bu qərəzli yanaşmanı təhdidlərlə bəyanatlar səviyyəsinə qaldırmaqla, ölkəmizin bölgədə sülh və stabilliyin bərqərar olması ilə bağlı addımlarına heç vaxt dəstək göstərməməsi regionumuzun sabitliyinə hədədir.
Azərbaycanın öz suveren ərazilərində qeyri-qanuni yerləşən erməni silahlı qüvvələrinin çıxarılması istiqamətində legitim tədbirlərinin bu qanunsuz qüvvələrin növbəti təxribat və hücumların qarşısının alınmasına yönəldiyini, Azərbaycanın antiterror tədbirlərinin guya erməni sakinlərə qarşı aparıldığı barədə iddialarla bağlı isə, bu iddiaların hətta Ermənistan Baş nazirinin 21 sentyabr tarixli əhaliyə müraciətində də təkzib edildiyini bir daha xatırladırıq.
Bu gün Azərbaycan Hökuməti ilə erməni sakinlərin nümayəndələri arasında sözügedən sakinlərin reinteqrasiyası, infrastrukturun bərpası, Azərbaycan Konstitusiyası və qanunvericiliyi əsasında fəaliyyətin təşkili ilə bağlı Yevlaxda aparılan konstruktiv müzakirələrə Aİ-nin açıq şəkildə etinasızlığı özündə bir daha İttifaq daxilində mövcud müəyyən dairələrin dar siyasi məqsədlərini nümayiş etdirir.
Humanitar vəziyyət və yerli erməni sakinlərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı iddialara gəlincə isə beynəlxalq tərəfdaşların da dəstəyi ilə Azərbaycanın bugünkü görüşün nəticələrinə uyğun olaraq, yerli erməni sakinlərin sosial və humanitar vəziyyətinin yaxşılaşdırılması üçün lazımi yardım göstərəcəyini və ölkəmizin bu istiqamətdə addımlarına qarşı mümkün müdaxilənin hər hansı fayda və səmərə verməyəcəyini bildiririk.
Azərbaycan Ermənistanla sülh gündəliyinə sadiqdir və qondarma rejimin, habelə qanunsuz erməni silahlı qüvvələrinin qalıqlarının ərazilərimizdən çıxarılması tədbirlərinin Ermənistanla sülh sazişinin bağlanmasına müsbət təsir göstərəcəyinə inanır.