No:518/22, Azərbaycan Respublikası və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirə dair mətbuat məlumatı

17 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

 

Tədbirdə AR XİN-in rəhbər heyəti, Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri, habelə səfirliyin əməkdaşları iştirak edib.

 

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

 

Daha sonra, iki ölkənin xarici işlər nazirlərinin diplomatik əlaqələrin 30 illiyi münasibətilə qarşılıqlı şəkildə ünvanladıqları məktubların mübadiləsi həyata keçirilib. 

 

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan və Gürcüstan arasında əlaqələrin tarixi köklərə və dostluq ənənələrinə əsaslandığını və son 30 ildə münasibətlərin bir çox istiqamətlər üzrə dinamik inkişaf etdiyini bildirib. Nazir müavini iki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, humanitar və digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıb. X.Xələfov Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 2022-ci ilin oktyabrında Gürcüstana səfərinin ölkələrimiz arasında ikitərəfli siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafına xüsusi təkan verdiyini məmnunluqla qeyd edib. Sonda nazir müavini əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, hər iki xalqa sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.

 

Daha sonra çıxış edən Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Zurab Pataradze 30 il ərzində Azərbaycan və Gürcüstan arasında əlaqələrin inkişafında əldə olunan nailiyyətləri qürurla qeyd edərək, tədbir iştirakçılarını bu əlamətdar tarix münasibətilə təbrik edib. Səfir, Azərbaycan və Gürcüstan arasında bir çox istiqamətlər üzrə mövcud olan yüksək səciyyəli əməkdaşlığı məmnunluqla qeyd edib. Eyni zamanda, səfir iki ölkə arasında müxtəlif sahələri əhatə edən yüzdən çox sənədin imzalanmasına istinad edib, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın genişlənməsini məmnunluqla vurğulayıb. 

 

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olublar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti