No:499/22, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Rodriqo Labardini ilə görüşünə dair mətbuat məlumatı

28 oktyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardinini ölkəmizdəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

 

Nazir Ceyhun Bayramov Azərbaycan və Meksika arasında münasibətlərin inkişafı istiqamətində göstərdiyi səmərəli fəaliyyətə görə səfirə təşəkkür edərək ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatlarda mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu xüsusda, Azərbaycan və Meksika arasında BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.

 

Nazir Ceyhun Bayramov Azərbaycan və Meksika arasında iqtisadi əməkdaşlığın inkişafı üçün dövlət və özəl sektorun imkanlarından istifadə və bu məqsədlə müvafiq addımların atılmasının əhəmiyyətini vurğulayıb.

 

Səfir Rodriqo Labardini son illərdə Azərbaycan tərəfindən həyata keçirilən beynəxalq enerji və nəqliyyat layihələrini toxunaraq ölkəmizin regional müstəvidəki rolunun vacibliyini vurğulayıb. Habelə, Azərbaycan və Meksika arasında ticarət sahəsində əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.

 

Görüşdə ikitərəfli münasibətlərin inkişaf perpektivləri, həmçinin regional sülh quruculuğu səyləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Nazir Ceyhun Bayramov səfir R.Labardiniyə ən xoş arzularını çatdırıb və gələcək fəaliyyintə uğurlar arzulayıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti