No:478/24, Nazir Ceyhun Bayramovun Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonen ilə görüşünə dair mətbuat məlumatı
5 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonen ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Finlandiya arasında əməkdaşlıq perspektivləri, növbəti il Finlandiyanın ATƏT-ə sədrliyindən irəli gələn məsələlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov COP29 sədrliyimiz zamanı iqlim dəyişmələri ilə mübarizə sahəsində əldə edilmiş tarixi əhəmiyyətli razılıqları, ölkəmizin iqlim fəaliyyəti gündəliyinin irəli aparılması istiqamətində səyləri diqqətə çatdırıb.
Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, mina təhdidi ilə mübarizə, habelə Azərbaycan-Ermənistan normallaşma gündəliyi barədə ətraflı məlumatlandırılıb. Sülh müqaviləsinin bir çox müddəalarının artıq razılaşdırılmasına, habelə sərhədlərin delimitasiyası üzrə irəliləyişlərin mövcudluğuna baxmayaraq, Ermənistan Konstitusiyası və digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin prosesə maneə törətdiyi bildirilib.
Nazir Ceyhun Bayramov, həmçinin Finlandiyaya qarşıdan gələn ildə ATƏT-ə sədrliyi dövründə uğurlar arzu edib, Təşkilatın funksionallığı və effektivliyinin artırılması istiqamətində səyləri dəstəkləməyə hər zaman hazır olduğumuzu qeyd edib. Bu baxımdan, xüsusilə ATƏT-in keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin qalığı olan təsisatlarının artıq aktuallığını itirməsi baxımından ləğvinin Təşkilatın fəaliyyətinin səmərəliliyi istiqamətində əhəmiyyəti qeyd olunub.
Görüşdə, tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər regional mövzular ətrafında fikir mübadiləsi aparıb.