No:436/24, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin İordaniya tərəfinin erməni əsilli rejissorun Azərbaycan əleyhinə çəkdiyi filmi “Oskar” nominasiyasından geri götürməsi ilə bağlı medianın sualına cavabı
Sual: Bir sıra erməni mediası tərəfindən yayılan xəbərlərə əsasən, İordaniya Kral Film Komissiyası erməni rejissor Sarin Hayrapetyanın “mənim şirin torpağım” filmini 2025-ci ildə “ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar” mükafatına təqdim etmək üçün seçsə də, film sonradan Azərbaycanın İordaniya tərəfinə “diplomatik təzyiqi” ilə “Oskar” nominasiyasından geri götürülüb. Bu xəbəri necə şərh edərdiz?
Cavab: Cari ilin sentyabr ayında erməni əsilli İordaniyalı rejissor Sarin Hayrapetyanın çəkdiyi “mənim şirin torpağım” adlı filminin “ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar” mükafatına təqdim edilmək üçün seçilməsinə baxmayaraq, filmin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olduğu nəzərə alınaraq, Azərbaycan tərəfinin narahatlığı dərhal İordaniya tərəfinə çatdırılıb.
Erməni tərəfinin iddiasının əksinə, burada hər hansı bir təzyiqdən söhbət gedə bilməz. Məhz İordaniya Kral Film Komissiyasının müstəqil şəkildə qəbul etdiyi qərar nəticəsində film sonda “Oskar” mükafatına təqdim edilməyib və İordaniyada filmin nümayişi dayandırılıb. İordaniya tərəfinin bu qərarını alqışlayırıq.