No:413/19, Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər Nazirliklərinin rəhbərlərinin səkkizinci üçtərəfli görüşü çərçivəsində nazir Elmar Məmmədyarov Gürcüstanın Baş naziri Gior
Elmar Məmmədyarovu səmimiyyətlə salamlayan Giorgi Qaxaria dövlətimizin başçısı Prezident İlham Əliyevi 2020-ci ildə ölkəsinə dəvət etdi.
Müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivlərindən danışan baş nazir Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyi üçün Azərbaycan Respublikasına təşəkkürünü ifadə etdi.
Öz növbəsində, nazir Elmar Məmmədyarov iki ölkə arasında strateji münasibətlərə toxunaraq bu münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdi. Nazir, eyni zamanda Gürcüstanın Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etdi.
Tərəflər enerji sahəsində qlobal əhəmiyyət daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Bakı-Tibilisi-Ərzurum qaz boru kəməri, habelə iki ölkənin iştirak etdiyi digər regional əməkdaşlıq layihələrinin ikitərəfli münasibətlərin inkişafının əsaslarını təmin etməklə yanaşı, ümumən regionda sabitlik və təhlükəsizliyin bərqərar olunmasına da xidmət etdiyini vurğuladılar.
Aparılan fikir mübadiləsi zamanı iki ölkə arasında energetika sahəsində layihələrin həyata keçirilməsi və bərpaolunan enerji sahəsində hər iki ölkənin potensialının olduğu diqqətə çatdırıldı.
Nazirlər Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət Komissiyalarının fəaliyyəti barədə fikir mübadiləsi apardılar və dövlət sərhədinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclasının yaxın zamanda keçiriləcəyini qeyd etdilər.
Görüş əsnasında, həmçinin qlobal təhlükəsizlik gündəliyindəki bir sıra məsələlər üzrə fikir mübadiləsi aparıldı.