No:409/24, 2024-2025-ci il üzrə “Diplomatiya Könüllüləri” qrupuna qəbul olunmuş könüllülərlə ilkin tanışlıq görüşünə dair mətbuat məlumatı
10 oktyabr 2024-cü il tarixində Xarici İşlər Nazirliyinin inzibati binasında 2024-2025-ci il üzrə “Diplomatiya Könüllüləri” qrupuna qəbul olunmuş könüllülərlə ilkin tanışlıq görüşü keçirilib.
Görüşdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə iştirak və çıxış edib.
Görüş zamanı könüllülərə Xarici İşlər Nazirliyin iş fəaliyyəti, strukturu, Nazirliyin nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupunun fəaliyyəti, proqramın məzmunu barədə ətraflı məlumat verilib, habelə proqram iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Mətbuat katibi Ayxan Hacızadə yeni qəbul olunmuş diplomatiya könüllülərini bu münasibətlə ürəkdən təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumlarının fəaliyyətinə könüllülərin cəlb olunması tapşırığını rəhbər tutaraq, 1 iyun 2019-cu il tarixində Xarici İşlər Nazirliyi nəzdində xarici siyasət və digər əlaqəli sahələr üzrə təhsil alan tələbələr, o cümlədən məzunlardan ibarət “Diplomatiya Könüllüləri” qrupunun təsis edildiyi diqqətə çatdırılıb. Qrupun əsasının qoyulmasından ötən 5 il ərzində 250 nəfərin artıq könüllü proqramından məzun olduğu bildirilib.
Cari ilin may-iyun aylarında diplomatiya könüllüləri sıralarına elan olunmuş qəbul prosesi nəticəsində, Nazirliyin rəsmi vebsaytında yaradılmış elektron sistem vasitəsilə qeydiyyatdan keçən 300-ə yaxın namizəddən üzvlük üçün müəyyən olunmuş tələblərə uyğun 140 nəfərin müsahibə mərhələsinə dəvət olunduğu, müsahibə mərhələsinin nəticələrinə əsasən isə 60 nəfər namizədin diplomatiya könüllüləri sıralarına cəlb olunduğu qeyd edilib.
6 aylıq könüllülük proqramı çərçivəsində könüllü sıralarına cəlb olunmuş gənclərin XİN-in strukturu ilə tanışlığının təmin edilməsi, onlara iş prosesində lazım ola biləcək məlumatların verilməsi, habelə fəaliyyətlərində praktiki bacarıqların aşılanması məqsədilə XİN-in struktur bölmələrində təcrübəyə, habelə təcrübə çərçivəsində müxtəlif mövzular üzrə təlimlərə, o cümlədən bir sıra dövlət qurumları və işğaldan azad olunmuş ərazilərə səfərlərə cəlb olunmasının nəzərdə tutulduğu qeyd edilib.
Təşkil olunacaq proqramın əsas məqsədinin könüllülərin postmünaqişə dövründə xarici siyasət prioritetlərimiz, ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətlərinin dinamikası, regional və beynəlxalq təşəbbüslər, müdafiə, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, iqlim dəyişikliyi ilə mübarizə, parlament diplomatiyası və s. istiqamətlər üzrə həyata keçirilən tədbirlər, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, habelə diplomat olmaq istəyən gənclər üçün vacib bilik və bacarıqlar kimi istiqamətlərdə məlumatlılığının artırılması olduğu diqqətə çatdırılıb.