No:394/22, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığına dair məlumatı

13 sentyabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı olub.

 

Nazir Ceyhun Bayramov telefon danışığı zamanı, 12 sentyabr tarixində gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan sərhədində Ermənistanın genişmiqyaslı təxribatları barədə Türkiyə tərəfinə ətraflı məlumat verib. Ermənistanın son bir ay ərzində Azərbaycan mövqelərini atəşə tutması, Azərbaycan ərazilərinin minalanmasının davam etməsi, bölgədə hərbiləşmə prosesini genişləndirdiyi diqqətə çatdırılıb. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın və infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görüldüyü bildirilib.

 

Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu hərbi gərginliyin və təxribatların narahatlıq doğurduğunu, Ermənistanın əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərinin tam yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

 

Telefon danışığı zamanı digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti