No:387/24, Nazir Ceyhun Bayramovun Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç ilə görüşünə dair mətbuat məlumatı

27 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç ilə görüşüb.

 

Görüş zamanı, Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli, habelə çoxtərəfli strateji tərəfdaşlıqdan, ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən irəli gələn məsələlər müzakirə olunub.

 

İki ölkə arasında mövcud tərəfdaşlıq münasibətlərinin inkişafı istiqamətində siyasi, iqtisadi, enerji, alternativ enerji, elm, təhsil, mədəniyyət, gənclər, idman və s. aspektlər üzrə geniş əməkdaşlıq potensialının mövcud olduğu vurğulanıb.

 

Bununla yanaşı, turizm, kənd təsərrüfatı, sənaye, yüksək texnologiyalar, qarşılıqlı sərmayə qoyuluşları, nəqliyyat sahələrində mövcud olan əməkdaşlığın inkişaf perspektivlərindən istifadənin vacibliyi qeyd olunub.

 

Nazir bu il ölkəmizin ev sahibliyi etdiyi COP29-un yeni tərəfdaşlıq sahələri üçün əlverişli imkanlar yaratdığını və bu çərçivədə Azərbaycanın Bosniya və Herseqovina ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. 

 

Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə sahəsində görülən işlər, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırılıb.

 

Eyni zamanda, görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti