No:387/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun İspaniyaya rəsmi səfəri çərçivəsində İspaniya Krallığının Sənaye, Ticarət və Turizm naziri Maria Reyes Maroto ilə görüşünə dair məlumatı
7 sentyabr 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində İspaniya Krallığının Sənaye, Ticarət və Turizm naziri Maria Reyes Maroto ilə görüşüb.
Nazir Ceyhun Bayramov ölkələrimiz arasında ticarət, energetika və turizm sahəsində əməkdaşlıq perspektivlərinin daha da artdığını qeyd edib. Azərbaycanda həyata keçirilən enerji layihələri və həmin layihələrdə İspaniya biznes dairələrinin iştirak etməsi imkanları barədə danışan nazir bunun ikitərəfli əlaqələrin inkişafı baxımından önəmli olacağını vurğulayıb. Ölkələrimiz arasında əməkdaşlıq üçün turizmin böyük əhəmiyyətə malik olduğu xüsusilə qeyd edilib. Post-münaqişə dövründə sülh quruculuğu tədbirləri, Azərbaycanın həyata keçirdiyi yenidənqurma işləri barədə məlumat verən nazir, işğaldan azad edilmiş ərazilərdə mədən sənayesi, kənd təsərrüfatı, turizm və alternativ enerji resurslarının inkişaf etdirilməsi üzrə geniş əməkdaşlıq imkanlarının olduğunu bildirib.
Nazir Maria Reyes Maroto Azərbaycan xarici işlər nazirinin səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycanın onlar üçün böyük maraq kəsb edən ölkə olduğunu qeyd edib, xüsusilə iqtisadiyyat, ticarət və turizm sahəsində əməkdaşlıqda maraqlı olduqları bildirilib. İspaniya tərəfi Azərbaycanın mühüm ticarət tərəfdaşı olduğunu, qarşılıqlı sərmayələrin əhəmiyyət daşıdığını diqqətə çatdırıb. İqtisadi münasibətlərin şaxələndirilməsində, post-pandemiya dövründə əməkdaşlıqda, müharibədən sonra bölgəyə sərmayələrin qoyuluşunda maraqlı olduqlarını qeyd edib. İspaniyanın mülki quruculuq, tikinti və alternativ enerji resurslarının inkişaf etdirilməsi sahəsində geniş imkanlara malik olduğu və bu sahədə Ələt Azad İqtisadi Zonası da daxil olmaqla, Azərbaycanla əməkdaşlıq perspektivlərini müzakirə etməyə hazır olduqlarını vurğulayıb.
Daha sonra, elm və təhsil sahəsində mübadilələri, təhsil institutları və universitetlər arasında əməkdaşlıq məsələləri ətrafında, habelə digər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.