No:374/24, Nazir Ceyhun Bayramovun Latviya Respublikasının xarici işlər naziri Baiba Braje ilə görüşünə dair mətbuat məlumatı

25 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Latviya Respublikasının xarici işlər naziri Baiba Braje ilə görüşüb.

 

Görüş zamanı tərəflər iki ölkə arasında mövcud siyasi, iqtisadi, regional təhlükəsizlik, parlamentlərarası əlaqələr və humanitar məsələlər üzrə əməkdaşlıq məsələlərini, habelə ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində hazırlıq işləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

 

İki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar və s. aspektlər üzrə inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın bu dinamikada digər istiqamətlər, o cümlədən infrastruktur, nəqliyyat və enerji təhlükəsizliyi üzrə davam və inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. 

 

Nazir Ceyhun Bayramov, qarşı tərəfi COP29 sədrlik fəaliyyətimiz, məqsəd və prioritetlərimiz, bu çərçivədə irəli sürülən 14 əsas təşəbbüs və onların praktiki icrasının təmini üçün görülən işlər barədə ətraflı məlumatlandırıb. İqlim dəyişikliyi ilə mübarizə səylərinə maliyyə vəsaitinin cəlbinə hədəflənən sədrliyimizin bu istiqamətdə İqlim Maliyyə Fəaliyyəti Fondunun yaradılması təşəbbüsü ilə çıxış etdiyi diqqətə çatdırılıb.

 

Ölkəmizin COP29 sədrliyi prosesini inklüzivlik əsasında qurduğu və bu xüsusda bütün maraqlı tərəfləri prosesə cəlb etmək niyyətində olduğu diqqətə çatdırılıb.

 

Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi, aparılan ikitərəfli danışıqlar prosesi, əldə olunan irəliləyişlər, habelə sülh müqaviləsinin imzalanmasının qarşısında duran Ermənistanın qanunvericilik aktları, xüsusilə Konstitusiyasında ölkəmizə qarşı davam edən ərazi iddiaları barədə məlumatlandırılıb.

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti