No:369/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan Respublikası və Serbiya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbir və sərgiyə dair məlumatı

22 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Serbiya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

 

Tədbirdə AR XİN-in rəhbər heyəti, Milli Məclisin üzvləri, Serbiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən şirkətlərin nümayəndələri, eləcə də digər qonaqlar iştirak edib.

 

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycan və Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə səmimi təbriklərini çatdırıb. Ötən 25 ildə ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimizin mövcudluğunu məmnunluqla qeyd edən nazir müavini, Serbiyanın, Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında sənəd imzaladığı 12 Avropa ölkəsindən biri olduğunu bildirib. İki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar, ticarət, infrastruktur sahələrində münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan Xələf Xələfov, Azərbaycan və Serbiya arasında digər sahələrdə, o cümlədən nəqliyyat, enerji sahələrində əməkdaşlıq üçün potensialın mövcud olduğunu ifadə edib. Regionda yeni reallıqların yaranması ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın sülh və quruculuq səylərindən bəhs edən nazir müavini Xələf Xələfov, ölkəmiz tərəfindən işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində dost ölkələrin şirkətləri ilə əməkdaşlığın xüsusi təşviq olunduğunu bildirib.

 

Daha sonra çıxış edən Serbiya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Draqan Vladisavljeviç, ölkələrimiz arasında diplomatik münasibətlərin əsasının 21 avqust 1997-ci il tarixində qoyulmasına baxmayaraq, əlaqələrimizin inkişaf tarixinin daha qədim olduğunu ifadə edib. Azərbaycan və Serbiyanı oxşar keçmiş və çağırışların daha da yaxınlaşdırdığını bildirən səfir, münasibətlərin inkişafında baş tutan qarşılıqlı ali səfərlərin rolunu xüsusi olaraq qeyd edib. İki ölkə arasında ikitərəfli tərəfdaşlıqla yanaşı, çoxtərəfli platformalarda səmərəli əməkdaşlığın mövcudluğunu qeyd edən Draqan Vladisavljeviç, bu xüsusda ötən il Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbirinin təşkilində Azərbaycan və Serbiyanın əməkdaşlığını vurğulayıb. Sonda səfir diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə öz təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdıraraq, bundan sonra da iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da inkişafını arzu edib.

 

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Serbiya arasında diplomatik münasibətlərin 25 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti