news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 sentyabr 2021

No:340/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Macarıstan xarici işlər naziri ilə görüşünə dair məlumatı

22 sentyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstan xarici işlər naziri Peter Siyarto ilə görüşüb.

Görüşün əvvəlində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Macarıstanın Milli Arxivi arasinda “Arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandi.

Görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olundu, Azərbaycan və macar xalqları arasında münasibətlərin tarixi köklərə əsaslandığı vurğulandı.

Görüşdə, həmçinin iki ölkə arasında nəqliyyat, enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan cari vəziyyət, münaqişə sonrası yaranmış yeni əməkdaşlıq imkanları, habelə azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa işləri barəsində ətraflı məlumat verdi.

Macarıstan tərəfi münaqişənin təsirinə məruz qalan ərazilərin bərpası və quruculuğu prosesində iştirakda maraqli oldugunu ifadə etdi.

Peter Siyarto Macarıstana dost ölkə olan Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verildiyini və ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirdi.

Macarıstanla Azərbaycan arasında enerji sahəsində də geniş əməkdaşlıqdan danışan nazir qeyd etdi ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır və Avropaya enerji təchizatı marşrutlarının şaxələndirilməsinin təmin edilməsində mühüm rol oynayır.

Görüşdə iki ölkə arasındakı münasibətlərin bundan sonrakı inkişafı, habelə tərəfləri maraqlandıran digər məsələlər müzakirə edildi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti