No:311/22, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun İordaniya Haşimilər Krallığı Ümmət Məclisinin Senatının sədri Feysəl Əl-Fayez ilə görüşünə dair məlumatı
1 iyul 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığı Ümmət Məclisinin (Parlament) Senatının sədri Feysəl Əl-Fayez ilə görüşüb.
Nazir Ceyhun Bayramov Senatın sədrini səmimiyyətlə salamlayıb və onun Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinin Bakı konfransında şəxsən iştirakının həm tədbirin işinə, həm də ikitərəfli əlaqələrimizin inkişafına töhfə verdiyini bildirib. Nazir, Azərbaycanın İordaniya ilə ikitərəfli və çoxtərəfli platformalarda, o cümlədən İƏT və QH çərçivəsində əməkdaşlığını məmnunluqla vurğulayıb.
Gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd ediləcəyi və bu münasibətlə tədbirlərin təşkilinin əhəmiyyəti səsləndirilib.
Senatın sədri Feysəl Əl-Fayez Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduqlarını və bu xüsusda ikitərəfli səfərlərin intensivləşməsinin əhəmiyyət kəsb etdiyini bildirib. O, Azərbaycanın QH sədrliyi çərçivəsində fəal rolunu, irəli sürülən təşəbbüslərin təqdirəlayiq olduğunu qeyd edib. Sədr, hazırda dünyada cərəyan edən bir sıra narahatlıq doğuran hadisələr fonunda Qoşulmama Hərəkatının dünya müstəvisində rolunun artırılmasına ehtiyacın olduğunu vurğulayıb.
Görüşdə, həmçinin regional vəziyyət, habelə qlobal əhəmiyyət kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.