No:302/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Almaniya səfiri Volfqanq Maniq ilə görüşünə dair məlumatı

25 iyun 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

 

Nazir Ceyhun Bayramov Almaniya səfirinə Azərbaycanda uğurlu fəaliyyətinə və bu müddətdə ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Səfir Volfqanq Maniqin Azərbaycan üçün çox önəmli bir dövrdə diplomatik fəaliyyət göstərdiyini qeyd edən nazir Ceyhun Bayramov, Almaniyanın hər zaman Azərbaycanın suverenlik və ərazi bütövlüyünə nümayiş etdirdiyi dəstəyi məmnunluqla vurğulayıb.

 

Səfir Volfqanq Maniq xarici siyasət sahəsində sonuncu diplomatik fəaliyyətinin Azərbaycanda olduğunu qeyd edib və ölkədən xoş təəssüratlarla ayrıldığını bildirib. İki ölkə arasında əlaqələrin xüsusi olduğunu bildirən səfir, bir çox sahələrdə birgə maraqların olduğunu söyləyib.

 

Tərəflər, iki ölkə arasında bir sıra sahələrdə əlaqələrin inkişafı perspektivləri barədə fikir mübadiləsi aparıblar.

 

Görüşdə, həmçinin bölgədəki cari münaqişə sonrası vəziyyət müzakirə edilib, münasibətlərin normallaşmasının, sülh dialoqunun davam etməsinin vacibliyi vurğulanıb.

 

Nazir Ceyhun Bayramov səfir Volfqanq Maniqə sonda bir daha xoş arzularını çatdırıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti