No:275/17, Azərbaycan və Serbiya xarici işlər nazirləri arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi ilə bağlı təbrik məktubu mübadiləsi həyata keçirilib
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Serbiya Respublikasının xarici işlər naziri Ivitsa Daçiç arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.
Xarici işlər naziri Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 20 ilin Azərbaycan və Serbiya arasında siyasi, iqtisadi, elmi, mədəni və humanitar sahələrdə əlaqələrin davamlı inkişafı ilə əlamətdar olunduğunu qeyd edib.
Nazir Elmar Məmmədyarov bu illər ərzində Azərbaycan və Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı olaraq bir-birilərini dəstəklədiklərini qeyd edib. Bu xüsusda, Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında tezliklə həllinə dair Serbiyanın prinsipial mövqeyinə görə minnətdarlığın bildirib.
Elmar Məmmədyarov 2013-cü ilin 8 fevral tarixində iki ölkənin dövlət başçısı tərəfindən “Dostluq Münasibətləri və Strateji Əməkdaşlığa dair” bəyannamənin imzalanması ilə Azərbaycan və Serbiya arasında ikitərəfli münasibətlərin yeni səviyyəyə keçdiyini vurğulayıb. Həmçinin Nazir, sözügedən bəyannamənin Azərbaycan-Serbiya əməkdaşlığının daha da genişlənməsi üçün yeni perspektivlər yaradacağını bildirərək, orada müəyyənləşdirilmiş məqsədlərin gələcək illərdə də müvəffəqiyyətlə reallaşdırılacağından əminliyin ifadə edib.
Serbiya Respublikasının xarici işlər naziri İvitsa Daçiç Elmar Məmmədyarova ünvanladığı məktubunda ötən müddət ərzində qardaşlıq və qarşılıqlı hörmət münasibətlərinin möhkəmləndirilməsilə yanaşı, iki ölkə arasında üzunmüddətli və sıx əməkdaşlıq üçün stabil əsas yaradıldığını bildirib. Bu xüsusda, Nazir Serbiya və Azərbaycan arasında bərabərlik və qarşılıqlı inam prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətlərinin strateji tərəfdaşlığın yüksək pilləsində inkişaf etməsindən məmnunluğun ifadə edib.
İ.Daçiç birgə səylər nəticəsində iki ölkə arasında qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etməkdə davam edəcəyinə ümidvar olduğunu bildirib.
Sonda serbiyalı nazir Serbiyanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasına dair Azərbaycanın göstərdiyi prinsipial mövqeyə görə təşəkkürün ifadə edib.