No:242/24, Nazir Ceyhun Bayramovun Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud ilə telefon danışığına dair mətbuat məlumatı

4 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud arasında telefon danışığı baş tutub.

 

Telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. Nazirlər iki ölkə arasında dost münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd ediblər.

 

Nazirlər Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və s. sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnuniyyətlə qeyd edərək, münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin və təmasların mühüm rol oynadığını bildiriblər.

 

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi dəstəyin əhəmiyyətini qeyd edib, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalarla çirklənmənin mümkün mənfi təsirlərinin aradan qaldırılması və ölkəmizin minatəmizləmə fəaliyyəti istiqamətində göstərilən 3 milyon ABŞ dolları məbləğində dəstəyə görə minnətdarlıq bildirib.  

 

Bununla yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi və ev sahibliyinə hazırlıq prosesi çərçivəsində Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqdan məmnunluq ifadə edilib, ölkələrimiz arasında yaşıl enerjiyə keçid istiqamətində əməkdaşlığın cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Nazirlər, qarşıdan gələn Qurban bayramı münasibətilə təbriklərini və ən xoş arzularını çatdıraraq, bu mübarək bayramın sülh, birlik və əmin-amanlıq gətirməsini diləyiblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti