news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 may 2022

No:240/22, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Şimali Makedoniyanın xarici işlər naziri Bucar Osmani ilə görüşünə dair məlumatı

20 may 2022-ci il tarixində İtaliya Respublikasının Turin şəhərində keçirilən Avropa Şurasının Nazirlər Komitəsinin 132-ci iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri Bucar Osmani ilə görüşüb.

 

Görüşdə iki ölkə arasında mövcud olan münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub, habelə əlaqələrin daha da inkişafı istiqamətində siyasi məsləhətləşmələr mexanizmindən irəli gələrək dialoqun davam etdirilməsi razılaşdırılıb. Görüşdə, Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş potensialın mövcudluğu və həmin potensialdan istifadənin vacibliyi qeyd olunub.

 

Bölgədəki son vəziyyət haqqında həmkarını məlumatlandıran nazir Ceyhun Bayramov, Ermənistan tərəfindən 30 ilə yaxın Azərbaycana qarşı həyata keçirilən təcavüz siyasətinin ağır nəticələrindən, həmçinin 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni vəziyyət və Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində atdığı addımlar barədə danışıb.

 

Görüşdə, Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyi baxımından əhəmiyyəti vurğulanıb. 

 

Tərəflər, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinə dair razılıq ifadə olunub.

 

Görüşdə, regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti