No:221/24, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin fəaliyyətinin bərpa edilməsi istiqamətində aparılan işlər barədə yerli medianın sualına cavabı  

Sual: Son bir neçə ay ərzində həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də İran tərəfindən verilmiş bir sıra açıqlamalarda ölkəmizin İrandakı səfirliyinin işinin bərpası istiqamətində danışıqlar aparıldığı bildirilib. Hal-hazırda, bununla bağlı irəliləyiş varmı?

 

Cavab: Ötən ilin yanvar ayında səfirliyimizə qarşı törədilmiş terror hücumundan sonra, İran tərəfi ilə danışıqların əsas istiqamətlərindən biri səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi məsələsi ətrafında olub.

 

Son bir neçə ay ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında təmaslar və danışıqlar çərçivəsində ölkəmizin gözləntiləri qarşı tərəfə çatdırılıb, səfirliyimizin daha təhlükəsiz və səfirlik üçün zəruri olan bütün tələblərə cavab verən yeni məkana köçürülməsi istiqamətində İran tərəfi ilə müvafiq iş aparılıb.

 

Aparılmış iş nəticəsində, səfirliyin yeni məkanı artıq müəyyən edilib. Hal-hazırda qeyd edilən məkan və binada səfirlik üçün zəruri şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görülür. Qeyd edilən işlər yekunlaşandan sonra, səfirliyin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti