No:207/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva APA-nın sualını cavablandırır.
Sual: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan, Azərbaycan Respublikası Prezidentinin sərhədlərin delimitasiyası çərçivəsində əsas kimi götürülə biləcək xəritələrlə bağlı söylədiklərini şərh edərək qədim tarixə ekskurs edib. Buna münasibətinizi öyrənmək istərdik.
Cavab: Ümumiyyətlə, dövlətlərarası münasibətlərdə eramızdan əvvəl mövcud olan tarixə və mifologiyalara istinad halları bir qayda olaraq istifadə olunan təcrübə deyil. Qonşu Ermənistan xarici işlər nazirinin belə yanaşması rast gəldiyimiz həmin o nadir hallardandır. Ciddiyyətə geri dönsək, Azərbaycan dövlət başçısının qeyd etdiyi kimi, sərhədlərin delimitasiyası prosesi çərçivəsində müvafiq xəritələrdən istifadə edilməsi birgə sərhəd komissiyalarının danışıqlarının tərkib hissəsi olacaq və biz hüquqi əsası olan bütün xəritələrdən istifadə edəcəyik.