No:168/24, Nazir Ceyhun Bayramovun Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşünə dair mətbuat məlumatı

15 aprel 2024-cü il tarixində Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.


Görüş zamanı nazir Ceyhun Bayramov tarixi, mədəni və dini ortaqlıqları bölüşdüyümüz qardaş Özbəkistan Respublikası ilə ölkəmiz arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin nümunəvi xarakterə malik olduğunu bildirib.


Ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat və kommunikasiyalar, mədəniyyət, humanitar və digər sahələr üzrə çoxşaxəli münasibətlərin məzmunca zənginləşməsinin məmnunluq doğurduğunu vurğulayıb.


Regional və beynəlxalq təşkilatlar, xüsusilə ölkəmiz üçün prioritet istiqamətlərdən birini təşkil edən Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd olunub.


Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi, bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsində əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.


Görüşdə, həmçinin iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran digər məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti