No:131/24, Nazir Ceyhun Bayramovun Nüvə Enerjisi Sammitində iştirak və çıxışına dair mətbuat məlumatı

21 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfəri çərçivəsində ilk dəfə keçirilən Nüvə Enerjisi Sammitində iştirak və çıxış edib.

 

Çıxış zamanı, ölkəmizin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlıq məsələlərinə toxunulub, eləcə də tədbirin mövzusu üzrə ölkəmizin mövqeyi diqqətə çatdırılıb. 

 

Çıxışda, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində Qlobal Dəyərləndirmə Hesabatında (Global Stocktake) nüvə enerjisinin "istixana qazı emissiyalarını azaltmaq üçün" üsullardan biri kimi əks olunmasının nüvədən təhlükəsiz istifadə istiqamətində göstərilən qlobal səylərin vacib nəticəsi olduğu qeyd edilib. 

 

Bu istiqamətdə, AEBA nüvə enerjisinin ətraf mühitə təsirlərini öyrənməyə yönələn fəaliyyətin, o cümlədən “Atoms4Climate” kimi təşəbbüslərin təqdirəlayiq olduğu diqqətə çatdırılıb.

 

Nüvə texnologiyalarından istifadə sahəsində AEBA ilə texniki əməkdaşlığın gələcək perspektivlərinə toxunan nazir Ceyhun Bayramov, bu istiqamətdə tamamlanma mərhələsində olan AEBA ilə Texniki Əməkdaşlıq sahəsində Azərbaycan Respublikası üçün nəzərdə tutulan növbəti “Ölkə üzrə Çərçivə Proqramı” çərçivə sənədinin əhəmiyyətindən bəhs edib.

 

Azərbaycanın milli səviyyədə nüvə texnologiyalarından istifadə təcrübəsi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, AEBA ilə birgə ölkəmiz üçün ən vacib çağırışlardan biri olan mina təhdidi ilə mübarizə sahəsinə nüvə texnologiyasının tətbiqinin mümkünlüyünün tədqiq edilməsi üzərində çalışdığımızı diqqətə çatdırıb. Bu sahədə prioritetimizin, nüvə enerjisindən istifadə imkanlarının araşdırılması zamanı nüvə təhlükəsizliyinə xüsusi diqqət edilməsi olduğu vurğulanıb.

 

COP29-a sədrliyimiz çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsində nüvə texnologiyalarından dinc məqsədlər üçün əlçatan istifadə naminə resursların cəlbinin təşviqi ilə yanaşı, nüvə təhlükəsizliyi amilini ön planda saxlayacağımız diqqətə çatdırılıb. 

 

AEBA-nın bu istiqamətlərdə göstərilən səylərə mümkün töhfəsinin əhəmiyyətli rol oynayacağına dair inam ifadə olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti