news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 mart 2022

No:121/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Sloveniya Respublikasının Azərbaycan Respublikasında akkreditə olunmuş qeyri-rezident səfiri Primoş Şeliqo ilə görüşünə dair məlumatı

15 mart 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının Azərbaycan Respublikasında akkreditə olunan qeyri rezident səfiri Primoş Şeliqonu qəbul edib.

 

Nazir Ceyhun Bayramov ölkəmizin Sloveniya ilə münasibətlərin inkişafına əhəmiyyət verdiyini qeyd edərək, ikitərəfli səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı perspektivlərini vurğulayıb.

 

Səfir Primoş Şeliqo iki ölkə arasında mövcud olan tarixi əlaqələri və dostluq ənənələrini qeyd edib və ölkəsinin ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu ifadə edib. O, siyasi, iqtisadi, humanitar və s. sahələrdə əlaqələrin genişləndirilməsindən bəhs edərək, cari il ərzində Birgə İqtisadi Komissiyanın ilk iclasının keçirilməsi, habelə ANAMA ilə əməkdaşlıq münasibətlərinin qurulmasının mövcud münasibətlərin inkişafına müsbət təkan verəcəyinə inamını vurğulayıb.

 

Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, habelə bu ərazilərdə minalardan təmizlənmə istiqamətində görülən işlər, Azərbaycanın post-münaqişə mərhələsində iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı sərgilədiyi mövqeyi barədə məlumat verib.

 

Tərəflər, həmçinin Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı və ATƏT çərçivəsində həyata keçirilən əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar. İki ölkənin Xarici İşlər Nazirlikləri arasında 2021-ci ildə keçirilmiş siyasi məsləhətləşmələr təcrübəsinin qarşıdan gələn illərdə də davam etdirilməsinə dair qarşılıqlı razılıq ifadə edilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti