No:043/23, Xarici işlər naziri Ceyhun Bayramov ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri arasında telefon danışığına dair mətbuat məlumatı
31 yanvar 2023-cü il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücumu qətiyyətlə pisləyib, səfirlik əməkdaşının qətlə yetirilməsi ilə bağlı öz başsağlığını ifadə edib.
Beynəlxalq hüquq normalarının, o cümlədən “Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası”nın kobud pozuntusu olan bu aktı şiddətlə qınayan baş katib Xusrav Noziri, cinayətkarın qısa müddət ərzində məsuliyyətə cəlb edilməsinin zəruri olduğunu bildirib.
Qarşı tərəfə dəstəyə görə təşəkkür edən nazir Ceyhun Bayramov, səfirliyimizin 1 əməkdaşının həyatını itirməsi, 2 nəfərin isə yaralanması ilə nəticələnən bu xain terror aktını törədənlərin və onların havadarlarının ədalət qarşısında cavab verməsi üçün tərəfimizdən bütün lazımi tədbirlərin görüləcəyini qeyd edib. Bu cür hücumların qarşısının alınması üçün qəbul edən tərəfin öhdəliyə malik olduğunu vurğulayıb.