news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 mart 2016

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Federika Mogerini ilə birgə mətbuat konfransı

Elmar Məmmədyarov: Xanımlar və cənablar! Əfsuslar olsun ki, konfrans gec başladığından vaxt məhdudiyyətimiz var. Bildiyiniz kimi, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Federika Mogerini Azərbaycanda işgüzar səfərdədir. Bu gün o, cənab Prezident tərəfindən qəbul edilib. Sonra, biz Xarici İşlər Nazirliyində görüş keçirdik. Biz onunla həm təkbətək, həm də geniş tərkibdə müzakirələr apardıq, məsələləri dərindən təhlil etdik. Azərbaycan tərəfi Avropa İttifaqına strateji əməkdaşlıq haqqında saziş layihəsi təqdim edib. 2015-ci ilin may ayında Riqa şəhərində saziş layihəsi üzərində işə başlamaq üçün görəcəyimiz işlərə dair müzakirələr aparmışıq. Azərbaycan Respublikası və Avropa İttifaqı arasında əməkdaşlıq münasibətləri günü-gündən genişlənir. Bildiyiniz kimi, bu gün enerji məsələləri, Cənub Qaz Dəhlizinə dair Bakıda çox mühüm bir tədbir keçirilib. Bəyannamə imzalanıb. İnanırıq ki, hər şey qaydasında olacaq. 2018-ci ildə Azərbaycan təbii qazı Avropa bazarlarına çatacaq. Mən xanım Mogerinini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırdım. Münaqişə ilə bağlı Azərbaycanın, eləcə də beynəlxalq ictimaiyyətin və beynəlxalq təşkilatların mövqeyini çatdırdım, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələri haqqında məlumat verdim. Biz istəyirik ki, bu münaqişə tezliklə həll olunsun. Çünki biz bunun “dondurulmuş” münaqişə olmasına inanmırıq. Bu baxımdan biz Avropa İttifaqını Minsk Qrupu ilə birlikdə münaqişənin həllində irəliləyişə nail olmaq üçün səy göstərməyə çağırırıq. Çünki 25 ildən artıqdır ki, bu münaqişə öz həllini tapmayıb. 

Çox sağ olun!

Mətbuat konfransının video görüntüsünü buradan izləyə bilərsiniz.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti