Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Respublikası Senatının Avropa İttifaqı siyasəti daimi komissiyasının sədri, senator Vanino Kitinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Respublikası Senatının Avropa İttifaqı siyasəti daimi komissiyasının sədri, senator Vanino Kitinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Görüş zamanı Azərbaycan-İtaliya, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyəti və onların inkişaf etdirilməsi yolları, iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan münaqişəsinə dair fikir mübadiləsi aparıldı. Azərbaycan və İtaliya arasında mövcud ikitərəfli əməkdaşlığın məmnunluq doğurduğu vurğulanaraq, bunun Azərbaycan-Avropa İttifaqı münasibətlərinə də müsbət təsir göstərdiyi qeyd olundu.
Senator Vanino Kiti Azərbaycanın həm Avropa İttifaqı, həm də İtaliya üçün mühüm tərəfdaşlardan biri olduğunu qeyd edərək, ölkəsinin Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini bildirdi. O, irimiqyaslı enerji layihəsi hesab olunan Cənub Qaz dəhlizinin vacib komponentləri olan TAP və TANAP layihələrinin Avropa İttifaqı, xüsusilə də İtaliya üçün strateji əhəmiyyət kəsb etdiyini vurğuladı.
Nazir Elmar Məmmədyarov İtaliya və Avropa İttifaqı ilə əlaqələrinin inkişaf perspektivləri, ölkəmizin bu istiqamətdə həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verdi. O, İtaliya-Azərbaycan arasında imzalanmış Strateji Əməkdaşlıq haqqında Sazişin ikitərəfli münasibətlərin strateji müstəvidə inkişafına mühüm töhfə verdiyini bildirdi.
Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı məlumat verən nazir EMəmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri də daxil olmaqla, bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini və münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirdi.
Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsinin, eləcə də mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulandı.
Həmçinin, Heydər Əliyev Fondunun İtaliyada mədəniyyət abidələrinin bərpası istiqamətində həyata keçirdiyi layihələri təqdir olundu.
Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.