Xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Dan İankunu qəbul edib
Görüşdə səfir Dan İanku etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim etdi.
Nazir Elmar Məmmədyarov Dan İankunu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.
Görüşdə Azərbaycan və Rumıniya arasında dostluq və tərəfdaşlığa əsaslanan ikitərəfli siyasi əlaqələrin yüksək inkişaf səviyyəsindən məmnunluq ifadə olundu. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı təqdir edildi.
Səfir ölkəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini davamlı və birmənalı şəkildə dəstəklədiyini vurğuladı.
Nazir Elmar Məmmədyarov Rumıniyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar nümayiş etdirdiyi ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.
Görüşdə həmçinin enerji, nəqliyyat, iqtisadiyyat, ticarət və humanitar sahədə əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.