Xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiya Respublikasının xarici və Avropa işləri naziri xanım Vesna Pusiç ilə görüşüb
7-8 iyul 2015-ci il tarixində Xorvatiyaya rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiya Respublikasının xarici və Avropa işləri naziri xanım Vesna Pusiç ilə görüşüb.
Görüşdə iki ölkə arasında əlaqələrin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə olundu.
Vesna Pusiç Xorvatiya ilə Azərbaycanın strateji tərəfdaş ölkələr olduğunu və iki ölkə arasında siyasi, iqtisadi və enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. O, Xorvatiyanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd etdi.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsi ilə bağlı Xorvatiyanın tutduğu prinsipial və dəyişməz mövqeyinin və bu xüsusda Xorvatiyanın beynəlxalq təşkilatlar çərçivəsində göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.
İqtisadi və enerji sahəsində əməkdaşlığın təşviq edilməsi məqsədilə Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında birgə iqtisadi əməkdaşlıq üzrə komissiyanın ilk iclasının tezliklə keçirilməsinin vacibliyi vurğulandı.
Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolu və Azərbaycanın enerji resurslarının bölgəyə nəqli, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıldı.