Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 70-ci sessiyasında iştirakı çərçivəsində 25 sentyabr 2015-ci il tarixində Amerika Yəhudi Komitəsinin icraçı direktoru David Harrisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Amerika Yəhudi Komitəsinin Azərbaycana səfərlərinin və ölkəmizlə yaxından tanışlığının, beynəlxalq tədbirlər çərçivəsində bu kimi görüşlərin və aparılan fikir mübadilələrinin təqdirəlayiq təcrübə olduğu qeyd edildi.
Azərbaycan haqqında həqiqətləri geniş ictimai dairələrə təqdim etməklə Amerika Yəhudi Komitəsinin Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatları və İsrail ilə ikitərəfli əlaqələrinin inkişafına töhfə verdiyi bildirildi.
David Harris Komitənin bu ilin yazında Azərbaycana məhsuldar səfərini xatırladaraq, gələn il də ölkəmizə belə bir səfərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd etdi.
Görüşdə Azərbaycanın zəngin tolerantlıq və multikulturalizm ənənələrinin nümunəvi xarakter daşıdığı vurğulandı.
Elmar Məmmədyarov Komitənin nümayəndələrini Azərbaycanda görməkdən məmnun olacağımızı diqqətə çatdırdı.
Görüşdə həmçinin, Amerika Yəhudi Komitəsinin nümayəndələrinə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi və Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqeyi barədə məlumat verildi. Bildirildi ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüz və işğalı regional sülh və təhlükəsizlik üçün ən başlıca təhdiddir.
Daha sonra bir sira qarşılıqlı maraq doğuran məsələlər ətrafında ümumi fikir mübadiləsi aparıldı.