No:509/24, Nazir Ceyhun Bayramovun Koreya Respublikasının ölkəmizdəki səfiri Li İn-Yonq ilə görüşünə dair mətbuat məlumatı
24 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının səfiri Li İn-Yonqu ölkəmizdəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
Görüş zamanı, Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.
Nazir Ceyhun Bayramov səfir Li İn-Yonqa ölkəmizdə diplomatik fəaliyyəti müddətində göstərdiyi səylərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.
İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 ildən artıq müddət ərzində iqtisadiyyat, investisiyalar, nəqliyyat-kommunikasiyalar, humanitar, təhsil, dövlət xidmətləri və s. istiqamətlər üzrə əməkdaşlığın mövcud vəziyyətinin müzakirə edildiyi görüş zamanı həmçinin, əlaqələrimizin inkişaf perspektivlərinin mövcudluğu vurğulanıb.
Xüsusilə peşə və ali təhsil istiqamətləri üzrə birgə əməkdaşlıq çərçivəsində yaradılmış Sənayə və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Koreya Respublikasının İNHA Universiteti ilə Bakı Mühəndislik Universitetinin ikili diplom proqramlarının əldə olunan vacib nailiyyətlər sırasında olduğu qeyd edilib.
Azərbaycan və Koreyanın xüsusilə aidiyyəti qurumları arasında dövlət xidmətləri sahəsi üzrə daha geniş əməkdaşlıq imkanlarının mövcudluğu, ölkəmizin “ASAN xidmət” modeli ilə bu sahənin öncüllərindən biri kimi qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğu diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov, ölkəmizin iqlim diplomatiyası səyləri, Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, sessiya çərçivəsində əldə olunan nailiyyətlərdən ətraflı bəhs edib.
Səfir Li İn-Yonq ölkəmizdə fəaliyyəti müddətində göstərilən dəstək və əməkdaşlığa görə təşəkkür edib, Azərbaycan-Koreya münasibətlərinin gələcək inkişafına ümidvar olduğunu qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.