No:507/24, Nazir Ceyhun Bayramovun Serbiya Respublikasının baş naziri Milos Vuçeviç ilə görüşünə dair mətbuat məlumatı

23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin baş naziri Milos Vuçeviç ilə görüşüb.

 

Görüş zamanı, Azərbaycan və Serbiya arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

 

Nazir Ceyhun Bayramov Azərbaycan və Serbiya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafında ali və yüksək səviyyəli səfər və təmasların əhəmiyyətini qeyd edib, bu sahədə mövcud dinamikanın qorunmasının vacibliyi vurğulanıb.

 

İki ölkə arasında xüsusilə iqtisadi-ticari əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın vacib platforma olduğu qeyd edilib. 

 

İki ölkə arasında energetika sahəsində əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə olunub, əməkdaşlığın perspektivlərinə toxunulub. Alternativ enerji istehsalı və ixracı sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib. Ölkəmizin yaşıl enerji istehsalı sahəsində potensialı barədə məlumat verilib. 

 

Bununla yanaşı, ölkələrimiz arasında turizm sahəsində birgə layihələrin həyata keçirilməsinə, bu xüsusda birbaşa hava nəqliyyatı əlaqələrinin yaradılmasına qarşılıqlı maraq ifadə olunub.

 

Bu il ölkəmizdə keçirilmiş COP29 tədbirinin nəticələri barədə ətraflı məlumat təqdim olunub, iqlim diplomatiyası sahəsində birgə səylərin vacib olduğu diqqətə çatdırılıb. Expo-2027 tədbirinin ölkələrimiz arasında əlavə əməkdaşlıq imkanları yaradacağına dair əminlik ifadə edilib. 

 

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb.

 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti