XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlaması
“azadlıqradiosu.az” ünvanda fəaliyyət göstərən internet saytında 5 yanvar 2015-ci il tarixində verilmiş xəbərdə “Azadlıq Radiosunun”nun əməkdaşı kimi təqdim olunan Margot Buff adlı şəxsin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməsi və orada foto çəkilişlər aparması barəsində xəbər verilir.
Azərbaycan Respublikasının rəsmi icazəsi olmadan “Azadlıq Radiosunun”nun öz əməkdaşını Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə ezam etməsi qeyri-qanuni xarakter daşıyır və bu hal Azərbaycan Respublikasının Dövlət sərhədi haqqında qanununun pozulmasıdır.
Azadlıq radiosunun bu cür qərəzli davranışı eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətsizliyin daha bir nümunəsidir.
Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalı, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkününün problemləri və Ermənistan tərəfindən girov götürülmüş soydaşlarımız ilə əlaqədar məsələlərə daim laqeyd və etinasız münasibəti ilə fərqlənən “Azadlıq Radiosu” bu fotolar vasitəsilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimi, işğal və təcavüzün nəticələrini təşviq edir və azərbaycanlı qaçqın və məcburi köçkünün həssas hisslərinə toxunur.
Müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra qeyd olunan şəxs “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək.