news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 dekabr 2016

Xarici işlər nazirinin müavini Xələf Xələfov Rusiya Federasiyasının dövlət katibi, xarici işlər nazirinin müavini Qriqori Karasin ilə görüşüb

Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsinin keçirilməsi məqsədilə Bakıda səfərdə olan Rusiya Federasiyasının dövlət katibi, xarici işlər nazirinin müavini Qriqori Karasin ilə görüşüb.

Siyasi məsləhətləşmələrdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın hazırkı səviyyəsindən, fəal siyasi dialoqun mövcudluğundan məmnunluq ifadə olundu və gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Nazir müavini Xələf Xələfov qeyd etdi ki, iki ölkə arasında münasibətlər dövlət başçılarının müəyyən etdiyi kurs əsasında uğurla davam etdirilir və Prezidentlərin şəxsi dostluğuna, qarşılıqlı inam və etimada əsaslanır. O, Azərbaycan-Rusiya əməkdaşlığının strateji xarakter daşıdığını bildirdi və yüksək səviyyəli qarşılıqlı səfərlərin, ikitərəfli və regional formatda görüşlərin keçirilməsinin əhəmiyyətini vurğuladı.

Qriqori Karasin bildirdi ki, iki ölkə arasında münasibətlər bütün sahələrdə inkişaf edir və rəsmilər arasında mütəmadi təmaslar gündəlikdə olan məsələlərin həllinə töhfə verir. O, gələn il Moskvada Rusiya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 25 illiyinin qeyd ediləcəyini və bu xüsusda nazir Elmar Məmmədyarovun Rusiyalı həmkarı tərəfindən bu ölkəyə səfərə dəvət edildiyini bildirdi. Karasin həmçinin BMT Baş Assambleyasında Rusiyanın təşəbbüsü ilə nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə dair qətnamənin qəbulunda verdiyi dəstəyə və həmmüəllif kimi qoşulmasına görə Azərbaycan tərəfinə minnətdarlığını bildirdi.

Tərəflər Azərbaycan və Rusiya arasında hökumətlərarası komissiyanın işini və hər iki ölkənin parlamenti arasında qurulmuş əməkdaşlığı təqdir etdilər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın fəaliyyəti, habelə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində aparılan danışıqlar, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin göstərilməsi və mövqelərin uzlaşdırılması istiqamətində məqsədyönlü işin aparılmasının zəruriliyini vurğuladılar.

X.Xələfov iki ölkə arasında siyasi, iqtisadi, hərbi-texniki, humanitar, təhsil, turizm, kənd təsərrüfatı, miqrasiya, ümumilikdə, bütün sahələrdə əməkdaşlığın inkişaf etdiyini və Rusiya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirdi. O, hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın qurulduğunu, terrorizmə qarşı mübarizədə uğurlara imza atıldığını, birgə iqtisadi və nəqliyyat layihələrinin həyata keçirildiyini diqqətə çatdırdı. O, həmçinin enerji sahəsində ikitərəfli əməkdaşlığın əhəmiyyətinə, Rusiya şirkətlərinin Azərbaycanda neft-qaz layihələrində iştirakına və SOCAR-ın fəaliyyətinə toxundu. X.Xələfov təhsil sahəsində əldə olunan uğurlardan, rus dilinin Azərbaycandakı vəziyyəti, Rusiya universitetlərinin filiallarının ölkəmizdəki səmərəli fəaliyyəti, Bakı Slavyan universitetinin geniş imkanlarından söz açdı, on minlərlə Azərbaycanlı tələbənin Rusiyanın müxtəlif universitetlərində təhsil aldığını qeyd etdi.

X.Xələfov iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi və ticarət dövriyyəsinin artırılması üçün gömrük sərhəd-keçid məntəqələrinin texniki imkanlarının artırılmasının vacibliyinə diqqəti çəkdi, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin işə düşməsindən sonra region ölkələri arasında yükdaşımaların dəfələrlə artacağına inam ifadə etdi.

Qriqori Karasin Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsi istiqamətində səylərin davam etdiriləcəyini və münaqişənin həllində təsirli tədbirlərin görülməsi üçün dəstəyin göstəriləcəyini bildirdi. O, eyni zamanda regional təhlükəsizlik məsələlərinin yüksək səviyyəli qarşılıqlı etimada əsaslandığını israr etdi. 

Bununla yanaşı, regional və qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlərə dair geniş fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti