news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 sentyabr 2016

Xarici işlər nazirinin müavini Xələf Xələfov Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi Xuan Gillermo Kastro Benettini qəbul edib

Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanda səfərdə olan Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi Xuan Gillermo Kastro Benettini qəbul edib.

Görüşdə Azərbaycan və Kolumbiya arasında münasibətlərin inkişafı və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıldı. İki ölkə arasında siyasi məsləhətləşmələr mexanizminin inkişaf etdirilməsi, yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinin vacibliyi qeyd olundu. 

Görüş zamanı nazir müavini Xələf Xələfov Azərbaycan və Kolumbiya arasında energetika, ticarət, kənd-təsərrüfatı, informasiya texnologiyaları, humanitar və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün daha böyük potensialın mövcudluğunu qeyd edərək qarşılıqlı təmasların artırılmasının vacibliyini bildirdi.

Naziri müavini Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında ətraflı məlumat verdi, münaqişənin region üçün ciddi təhlükə mənbəyi olduğunu, eləcə də regionun inkişafına maneələr yaratdığını deyərək, münaqişənin həllinin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında mümkün olduğunu vurğuladı. Həmçinin, Xələf Xələfov Kolumbiya tərəfinin Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd etdi.

Xuan Gillermo Kastro Benetti Azərbaycanda olmasından məmnunluq hissi keçirdiyini bildirərək, ölkəsinin Azərbaycanla kənd təsərrüfatı, enerji, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişdirilməsi və birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırdı.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti