news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 may 2015

Xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Rusiya Federasiyasının xarici işlər nazirliyinin MDB ölkələri 4-cü Departamentinin direktoru arasında görüş keçirildi

13 may 2015-ci il tarixində Azərbaycan Respublikası və Rusiya Federasiyası xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Rusiya Federasiyasının xarici işlər nazirliyinin MDB ölkələri 4-cü Departamentinin direktoru Aleksey Pavlovski arasında görüş keçirildi.

Nazir müavini Xələf Xələfov Azərbaycan və Rusiya arasında siyasi əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu qeyd edərək, iqtisadi, ticarət, sosial və humanitar sahələrdə də iki ölkə arasında əməkdaşlığın dinamik surətdə inkişaf etdiyini nəzərə çatdırdı.

İkitərəfli əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Xələf Xələfov Azərbaycan və Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi və yeni mərhələyə çatdırılması üçün əlverişli zəminin olduğunu qeyd etdi.

Tərəflər münasibətlərimizin müqavilə-hüquq bazasının təkmilləşdirilməsi və inkişafı ilə bağlı fikir mübadiləsi apardılar və qarşılıqlı təklifləri müzakirə etdilər.

Alkesye Pavlovski iki ölkə arasında münasibətlərin mövcud yüksək inkişafında Azərbaycan və Rusiya rəhbərlərinin mühüm rol oynadıqlarını deyərək, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin faşizm üzərində qələbənin 70 illiyi münasibətilə Rusiyaya səfərinin və bu əsnada Rusiya Prezidenti Vladimir Putin ilə görüşünün ölkələrimiz arasındakı dostluğun bariz nümunəsi olduğunu vurğuladı.

Azərbaycanın Cənubi Qafqaz regionunda Rusiyanın önəmli tərəfdaşı olduğunu qeyd edən Xələf Xələfov, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamasının və Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün regionda sülhə və təhlükəsizliyə ciddi təhdid doğurduğunu bildirdi. O, münaqişənin həllinin yalnız işğal olunmuş ərazilərin azad olunması ilə mümkün olduğunu vurğulayaraq, münaqişənin həll olunması prosesində Rusiyanın vacib rola malik olduğunu, Rusiya tərəfindən ikitərəfli əsasda və ATƏT-in Minsk Qrupunun həmsədri qismində Ermənistanın danışıqlarda konstruktiv mövqe tutmasına yönəlmiş təsirli addımların atılmasının vacibliyini bildirdi.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparıldı.

Siyasi məsləhətləşmələrdə Azərbaycanın Rusiyadakı Səfiri Polad Bülbül-oğlu və Rusiyanın Azərbaycandakı Səfiri Vladimir Doroxin iştirak etdilər.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti