news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 may 2015

Xarici işlər nazirinin müavini Xələf Xələfov Çex Respublikası xarici işlər nazirinin birinci müavini Petr Drulak ilə görüşüb

19 may 2015-ci il tarixində Azərbaycan Respublikası və Çex Respublikası Xarici İşlər Nazirlikləri arasında keçirilən növbəti siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov Çex Respublikası xarici işlər nazirinin birinci müavini Petr Drulak ilə görüşüb.

Nazir müavini X.Xələfov iki ölkə arasında siyasi dialoq mexanizminin əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsinin aparılması və gündəlikdə olan məsələlərin müzakirəsi baxımından mühüm rol oynadığını qeyd etdi.

Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələndirilməsi barəsində danışan X.Xələfov Azərbaycan ilə Çexiya arasında iqtisadi-ticarət, sərmayələr, kənd təsərrüfatı, səhiyyə, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu nəzərə çatdırdı.

Azərbaycan xarici siyasətin qarşısında duran ən vacib məsələnin ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpası olduğunu bildirən nazir müavini Ermənistan-Azərbaycan münaqişəsinin bu vaxta kimi həll edilməməsinin və Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesinin nəticəsiz qalmasının səbəbinin Ermənistanın danışıqlarda dağıdıcı mövqe tutması olduğunu vurğuladı. Beynəlxalq birliyin ikili standartlara əsaslanan yanaşmanı kənara qoyaraq, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi üçün Ermənistana qarşı konkret təzyiq göstərməsinin münaqişənin həllinin tezləşdirilməsinə yardımçı olacağını bildirdi.

X.Xələfov həmçinin Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətinə toxunaraq, Şərq Tərəfdaşlığına üzv dövlətlərin fərqli inkişaf səviyyəsinin nəzərə alınaraq, üzv dövlətlərə münasibətdə fərdi yanaşmanın göstərilməsinin daha uğurlu olacağını vurğuladı.

Azərbaycanda ilk dəfə səfərdə olduğunu qeyd edən P.Drulak Bakıda qədim ənənələrin müasirliklə ahənginin xoş təəssüratlar oyatdığını bildirdi. Çex Respublikasının regionda ən vacib strateji tərəfdaşının Azərbaycan olduğunu, bu səbəbdən Azərbaycanla münasibətlərin inkişafına və dərinləşdirilməsinə hökuməti tərəfindən xüsusi önəm verildiyini vurğuladı. Bu baxımdan Çex Respublikasının ənənəvi və alternativ enerji sahələrinin modernləşdirilməsində Azərbaycanla əməkdaşlığa hazır olduğunu diqqətə çatdırdı. Şəhər nəqliyyatı şəbəkəsi, səhiyyə sahəsində ölkəsinin nümunəvi təcrübəyə malik olduğunu bildirən P.Drulak bu sahələrdə də əməkdaşlığın faydalı olacağını qeyd etdi.

Ölkəsində Azərbaycanın geosiyasi mövqeyinin ona qarşı daxili və xarici təhdidlərə yol açması barəsində xəbərdar olduğunu qeyd edən nazir müavini Azərbaycanın əldə etdiyi nailiyyətlərinin təqdirəlayiq olduğunu diqqətə çatdırdı.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti