news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 noyabr 2015

Xarici işlər nazirinin müavini Xələf Xələfov Cenevrə şəhərində BMT-nin İşgəncələrə qarşı Komitəsinin 56-cı sessiyasında iştirak edib

2015-ci il 11-12 noyabr tarixində Cenevrə şəhərində BMT-nin İşgəncələrə qarşı Komitəsinin 56-cı sessiyası çərçivəsində İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya üzrə Azərbaycan Respublikasının dördüncü dövri məruzəsinə baxılıb. Sessiyada ölkəmiz Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş, xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Xarici işlər nazirinin müavini X. Xələfov açılış nitqi ilə dördüncü dövri hesabatımızı təqdim edib. O, çıxışı zamanı ölkəmizin BMT-nin müqavilə orqanları ilə əməkdaşlığa önəm verdiyini bildirib, Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı, insan alveri ilə mübarizə üzrə Fəaliyyət Planı və “Azərbaycan 2020 Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının qəbul edilməsi və həyata keçirilməsi ilə bağlı məlumatları diqqətə çatdırıb.

O, həmçinin məhkəmə və penitensiar sistemin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması, dövlət idarəçiliyi islahatı, “ASAN” xidmətin yaradılması və fəaliyyəti, məişət zorakılığı, insan alverinin qarşısını alınması və vətəndaş cəmiyyətinin təşviqi sahələrində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etdiyini vurğulayan X.Xələfov, ərazilərimizin 20 %-nin hələ də Ermənistanın işğalı altında olmasını və işğalın nəticələrini insan hüquqlarının qorunması sahəsində Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində maneələr kimi qiymətləndirib. Münaqişədə 4 mindən çox soydaşımızın itkin düşdüyünü bildirən X. Xələfov, onların Ermənistan tərəfindən qeyri-qanuni saxlandığını və müxtəlif işgəncələrə məruz qaldıqlarını qeyd edib. Bununla yanaşı, 2014-cü ilin iyul ayından Ermənistan tərəfindən girov götürülən və bu günə kimi ölkəmizin işğal olunmuş ərazilərində erməni əsirliyində saxlanılan azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı edilən işgəncə, qeyri-insani davranışların Hökumətimizin ciddi narahatlığına səbəb olduğunu Komitə üzvlərinin nəzərinə çatdırıb.

Sessiya çərçivəsində Komitə üzvləri öz növbələrində nümayəndə heyətimizin yüksək səviyyədə təmsil olunması, ölkəmizin beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı, Konvensiyanın müddəalarının qanunvericilikdə təsbit edilməsi və hesabatımızda Konvensiyanın həyata keçirilməsi sahəsində görülmüş tədbirlərin ətraflı şəkildə əks etdirilməsini təqdir ediblər.

Sessiya zamanı ölkəmizdə insan hüquqları təmin olunması ilə bağlı Komitə üzvləri tərəfindən nümayəndə heyətinə ünvanlanmış suallar aidiyyəti üzrə və dolğun şəkildə cavablandırılıb, tədbir interaktiv dialoq formasında keçirilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti