Xarici işlər nazirinin müavini Xələf Xələfov Avstraliya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri, Senator Kristof Conun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
27 sentyabr 2016-cı il tarixdə Xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Avstraliya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri, Senator Kristof Conun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə nazir müavini Xələf Xələfov Azərbaycanla Avstraliya arasında siyasi və diplomatik münasibətlərin mövcudluğunu, əlaqələrdə pozitiv inkişafın və xeyli irəliləyişin əldə edildiyini və əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd etdi. X. Xələfov siyasi dialoqun, eləcə də iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirdi. O, Avstraliyanın xarici işlər nazirinin Azərbaycana səfər etməsi, ölkələrimiz arasında konkret layihələrin nəzərdən keçirilməsi və ticarət dövriyyəsinin artırılmasının məqbul sayıldığını diqqətə çatdırdı və parlamentlərarası əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə etdi.
X.Xələfov Azərbaycanda son illər həyata keçirilən islahatlar barədə geniş məlumat verərək, Avstraliya şirkətlərinin Azərbaycandakı fəaliyyətindən söz açdı. O, iqtisadiyyatın müxtəlif istiqamətləri, o cümlədən energetika, nəqliyyat, kənd təsərrüfatı və turizm sahəsində Avstraliya şirkətlərinin ölkəmizdə iştirakının arzu edilən olduğunu da əlavə etdi. Nazir müavini iki ölkə arasında hüquq-müqavilə bazasının genişləndirilməsi, eləcə də investisiyaların təşviqi və ikiqat vergidən azad olunmaya dair sazişlərin imzalanmasının hər iki ölkə şirkətlərini daha da həvəsləndirəcəyini bildirdi. X. Xələfov beynəlxalq təşkilatlar və qlobal forumlar çərçivəsində beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlardan söz açdı, bir çox beynəlxalq məsələlərdə hər iki ölkənin maraqlarının üst-üstə düşdüyünü qeyd etdi.
Ölkəmizin ən böyük problemi olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində son danışıqlar barədə məlumat verən X.Xələfov, münaqişənin regionda sülh və təhlükəsizliyə ciddi təhdid olduğunu vurğuladı və münaqişənin həll olunmamasının əsas səbəbi kimi Ermənistanın işğalçı siyasətindən əl çəkməməsi və öz hərbi qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmamasını göstərdi. O, Ermənistanın aparılmış danışıqlar nəticəsində əldə olunmuş razılaşmalara əməl etmədiyini, beynəlxalq ictimaiyyətin mövqeyinə məhəl qoymadığını qarşı tərəfin diqqətinə çatdırdı.
Senator Kristof Con iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün çoxsaylı sahələr üzrə geniş potensialın mövcud olduğunu, kənd təsərrüfatı, xüsusən meyvəçilik və tərəvəzçilik sahəsində əməkdaşlıq imkanlarını xüsusi vurğuladı. O, təhsil sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirdi. Kristof Con Azərbaycanın turizm imkanlarını yüksək qiymətləndirdi və bu sahədə əlaqələrin genişləndirilməsini təqdir etdi. Ermənistan-Azərbaycan münaqişəsinə dair ətraflı məlumata görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri, Azərbaycanın münaqişənin sülh yolu ilə həllində səylərinin Avstraliya tərəfindən dəstəkləndiyini bəyan etdi.