Xarici işlər nazirinin müavini Nadir Hüseynov Gürcüstanın xarici işlər nazirinin müavini Zviad Qonadzeni qəbul edib
Xarici işlər nazirinin müavini Nadir Hüseynov tərəfindən ölkəmizdə səfərdə olan Gürcüstanın xarici işlər nazirinin müavini Zviad Qonadze Xarici İşlər Nazirliyində qəbul edilib.
Gürcüstanın xarici işlər nazirinin müavini kimi ilk səfərini Azərbaycan Respublikasına edən Zviad Qonadze ilə görüş zamanı Azərbaycan Respublikası və Gürcüstan arasında ikitərəfli münasibətlərin daimi inkişafı üzrə fikir mübadiləsi aparıldı.
Görüşdə eyni zamanda Azərbaycan Respublikası ilə Gürcüstan arasında mütəmadi keçirilən konsulluq məsləhətləşmələrinin iki ölkə vətəndaşlarının qarşılaşdıqları problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi baxımıdan əhəmiyyəti qeyd olundu.
Zviad Qonadze Azərbaycan Respublikası rəhbərliyinin siyasi, iqtisadi və digər sahələr, həmçinin, Gürcüstanın Azərbaycan Respublikasında fəaliyyət göstərən Səfirliyi üçün yeni inzibati binanın tikilməsi məqsədi ilə torpaq sahəsinin ayrılmasında göstərdiyi dəstəyinə görə Azərbaycan Respublikası rəhbərliyinə ölkəsi adından təşəkkürünü bildirdi.
Ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, müvafiq təcrübə mübadiləsinin aparılması, həmçinin, Xarici İşlər Nazirliklərinin səlahiyyətlərinə aid əhəmiyyət kəsb edən məsələlərin həlli istiqamətində gələcəkdə də nazir müavinləri səviyyəsində bu cür görüşlərin keçirilməsi Zviad Qonadze tərəfindən təklif olundu.
Görüşün sonunda qonaq səmimi qəbula görə öz təşəkkürünü bildirdi.