Xarici işlər nazirinin müavini Nadir Hüseynov BMT-nin Sivilizasiyalar Alyansının nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına müvafiq olaraq, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı yaradılmış Təşkilat komitəsinin üzvü statusunda xarici işlər nazirinin müavini Nadir Hüseynov BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsinin kabinet rəhbəri və sözçüsü Nihad Saadın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə 25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq işləri və Xarici İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan yüksək səviyyəli xarici nümayəndə heyətlərinin protokol təminatı, xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditasiyası, tədbirlə bağlı humanitar və sosial məsələlər, eyni zamanda viza rəsmiləşdirilməsi məsələləri müzakirə edildi. Forumda iştirak etmək üçün 195 ölkə və 26 beynəlxalq təşkilata dəvətnamələrin göndərildiyi bildirildi.
Nazir müavini Nadir Hüseynov BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına və müvafiq Tədbirlər Planına uyğun olaraq, Xarici İşlər Nazirliyi daxilində işçi qrupunun fəaliyyət göstərdiyi və Forumun yüksək səviyyədə keçirilməsini təmin etmək üçün zəruri tədbirlərin vaxt cədvəlinə uyğun olaraq, operativ şəkildə həyata keçirildiyini diqqətə çatdırdı. Ölkəmizin diplomatik nümayəndəlik və konsulluqlarının da bu işə yaxından cəlb edildiyini və əlaqələndirilmiş şəkildə hazırlıq işlərinin aparıldığını bildirdi. O, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı bəyannaməsinin layihəsinin hazırlanaraq artıq üzv dövlətlərin müzakirəsinə təqdim olunmasını da qeyd etdi.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsinin kabinet rəhbəri və sözçüsü Nihad Saad 7-ci Qlobal Forumun keçirilməsi ilə əlaqədar görülən hazırlıq işlərindən məmnunluğunu ifadə etdi və əvvəlki tədbirlərin təşkili haqqında məlumat verərək, bir sıra sahələr üzrə təcrübəsini bölüşdü.
Görüşdə BMT tərəfini maraqlandıran suallar cavablandırıldı və artıq görülmüş işlər barədə ətraflı məlumat verildi.