news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 oktyabr 2016

Xarici işlər naziri Elmar Məmmədyarovun məqaləsi: 25 illik müstəqillik dövrünə baxış və xarici siyasətimizin çağdaş prioritetləri

Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edən Azərbaycan Respublikası ötən illərdə bütün sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də böyük uğurlar əldə edib. Regionun lider dövlətinə çevrilmiş Azərbaycan bu gün dünyada söz sahiblərindən biridir. Bu uğurlar əsasını ulu öndər Heydər Əliyevin qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən xarici siyasət strategiyası sayəsində qazanılıb.

AZƏRTAC müstəqilliyimizin möhkəmləndirilməsində və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında xarici siyasət strategiyasının həlledici roluna dair Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun qeydlərini təqdim edir.

“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 oktyabr tarixli Sərəncamı müstəqillik dövründə keçdiyimiz yolun aydın və əhatəli icmalını təqdim edərək, xüsusilə uğurlu daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimizin möhkəmlənməsi, iqtisadiyyatımızın inkişaf etməsi, mədəniyyətimizin zənginləşməsi və müstəqil Azərbaycan Respublikasının bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyi olmasını vurğulayır.

Müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi daxili və xarici təhdidlər, xalqımızın illər boyu həsrətində olduğu müstəqilliyi itirmək təhlükəsi bir daha sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq və möhkəmləndirmək onu əldə etmək qədər çətindir.

1990-cı illərin əvvəllərinə aid dünya siyasi ədəbiyyatını və mediasını vərəqləyən zaman Azərbaycan haqqında çox bədbin proqnozların şahidi oluruq. Azərbaycan tənəzzülə uğrayan və ya dövlətçiliyini itirmək astanasında olan ölkə kimi xarakterizə olunurdu. Təəssüf ki, bu bədbinlik üçün real əsas da var idi. Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazimizin 20 faizinin işğalı, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köşkün vəziyyətinə düşməsi və ölkəmizin üzləşdiyi humanitar fəlakət, siyasi hakimiyyətin yarıtmazlığı ucbatından daxili və xarici siyasətin iflası və ölkəmizin vətəndaş müharibəsi astanasında olması müstəqilliyimizin ilk iki ilinin acı reallıqları idi. Hazırda bəzi Yaxın Şərq ölkələrini bürüyən fəlakət o dövrdə Azərbaycandan heç də uzaq deyildi.

Dünya dövlətlərinin tarixi, o cümlədən diplomatiya və hərb tarixi göstərir ki, sınaq dövrü olan xüsusi keşməkeşli məqamlarda xalqların və dövlətlərin həyatında şəxsiyyətlərin rolu danılmazdır. Azərbaycan xalqı öz müdrikliyini bir daha ortaya qoydu və qəti siyasi iradə nümayiş etdirərək belə bir həyati əhəmiyyətli vaxtda israrla Heydər Əliyevin hakimiyyətə qayıdışını tələb etdi. Qısa zaman kəsiyində Heydər Əliyev şəxsiyyəti tarixin axarını dəyişdi və bədbin proqnozların əksini sübut etdi. Heydər Əliyev ölkənin daxili və xarici siyasət kursu ətrafında milli həmrəyliyi təmin etdi, daxili siyasi və təhlükəsizlik vəziyyətini sabitləşdirdi, nizami ordu yaratdı, cəbhədə vəziyyəti dəyişdirdi, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirdi və Ermənistan atəşkəsə vadar edildi, demokratik islahatlar proqramına təkan verildi.

Ulu öndər Heydər Əliyev dövrün çağırışlarına cavab verən, ölkəmizi əhatə edən geosiyasi reallığı nəzərə alan və xalqımızın zəngin dövlətçilik tarixindən nəticə çıxaran xarici siyasət strategiyasını müəyyən etdi. Bu strategiya aşağıdakı amilləri nəzərə alaraq müəyyən olundu:

- Ölkəmizin təbii-coğrafi şəraiti, geosiyasi amillər və yerləşdiyimiz ərazinin geostrateji əhəmiyyəti;

- Tarixi reallıq və ondan çıxarılan nəticələr;

- Tarazlaşdırılmış və çoxqütblü xarici siyasət zərurəti;

- Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazimizin 20 faizinin işğalı;

- Erməni lobbi dairələrinin ölkəmizə qarşı apardığı düşmənçilik və qarayaxma siyasəti;

- Ölkəmizin zəngin enerji resurslarına və nəqliyyat imkanlarına malik olması;

- Azərbaycanın insan resursları və iqtisadi potensialı;

- Xalqımızın zəngin tarixi, mədəniyyəti və multikultural ənənələri.

Tarixən milli dövlətçiliyimizin itirilməsinə və Azərbaycanın böyük güclərin döyüş və siyasi rəqabət meydanına çevrilməsinə səbəb olan geosiyasət və neft amili Heydər Əliyevin müəyyən etdiyi çoxqütblü və tarazlaşdırılmış xarici siyasət strategiyası əsasında müstəqilliyimizi və dövlətçiliyimizi möhkəmləndirən ciddi amilə çevrildi. İlk növbədə, Azərbaycan xalqının mənafeyi əsasında müəyyən olunan və milli maraqlardan qaynaqlanan yeni xarici siyasət strategiyası diplomatiyanın təməl prinsiplərinə xas şəkildə ölkəmiz ətrafında xoş mühitin formalaşmasına, ölkədaxili siyasi-iqtisadi və sosial məsələlərin həlli üçün xarici təsirlərin neqativ yükünü neytrallaşdırmağa, qonşu dövlətlərlə münasibətlərin normallaşmasına, xarici siyasətin coğrafiyasının genişlənməsinə və “Əsrin müqaviləsi”nin timsalında uğurlu enerji siyasətinin həyata keçirilməsinə şərait yaratdı.

Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda dərin məzmunlu və əhatəli çıxışı zamanı həmin dövrü xarakterizə edərək dedi: “Xarici siyasət prioritetləri məhz o illərdə müəyyən edildi. Azərbaycan müasir dünyəvi dövlət kimi öz inkişafına başladı. Yəni, məhz o illərdə ölkəmizin gələcəyi ilə bağlı strateji addımlar atılmışdır. Bu gün tarix göstərir ki, bu, yeganə düzgün yol idi”.

Yeni xarici siyasət strategiyasının həyata keçirilməsi məqsədilə Heydər Əliyev tərəfindən Xarici İşlər Nazirliyinin yenidən təsisatlanması, onun strukturunun və peşəkar diplomatik korpusun yaradılması üçün qarşıya vəzifə və tapşırıqlar qoyuldu. Ümummilli lider Heydər Əliyevin bütün sahələrdə milli kadrların yetişdirilməsi üzrə həyata keçirdiyi siyasət və hələ keçən əsrin 70-ci illərindən gənc kadrlara SSRİ-nin ən aparıcı ali təhsil müəssisələrində təhsil almaları üçün yaratdığı şərait bir neçə onillikdən sonra diplomatiya sahəsində də öz nəticələrini verdi. Bilikli, savadlı, xarici dilləri mükəmməl bilən, xalqına və dövlətinə sadiq olan gənclərin ali təhsil müəssisələrindən seçilməsi və Xarici İşlər Nazirliyinə işə cəlb edilməsi milli diplomatik korpusun formalaşdırılması prosesinə təkan verdi.

Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Xarici İşlər Nazirliyi sistemində dövlətimizin başçısının xarici siyasət sahəsində əmr və tapşırıqlarını layiqincə yerinə yetirməyə qadir olan, müasir diplomatiyanın incəliklərini dərk edən, regionlar və ölkələr üzrə ixtisaslaşan, çoxtərəfli diplomatiyanın mürəkkəbliyinə və beynəlxalq hüquqi məsələlərə yaxından bələd olan, hətta nadir dilləri bilən, dövlətinə və millətinə sadiq əməkdaşlar çalışır.

2003-cü ildə Azərbaycan xalqı yenə də öz müdrikliyini nümayiş etdirərək Heydər Əliyev irsinin davam etdirilməsi üçün qəti siyasi iradəsini ortaya qoydu. Ulu Öndərin irsinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlu daxili və xarici siyasəti bu gün də davam etdirilir. Dövlətimizin başçısının yürütdüyü mahir xarici siyasət nəticəsində beynəlxalq münasibətlərin tamhüquqlu subyekti kimi ölkəmizin beynəlxalq səviyyədə mövqeyi möhkəmlənir və nüfuzu artır, qlobal və regional proseslərə müsbət təsir imkanları güclənir, milli maraqlarımız qorunur və həyata keçirilir. Diplomatik kuluarlarda deyildiyi kimi, bütün dövlətlər Xarici İşlər Nazirliyi kimi formal struktura malik olsalar da, heç də hər bir dövlət xarici siyasət aparmağa qadir deyil. Bütün beynəlxalq ictimaiyyətin etiraf etdiyi kimi, Azərbaycan bu gün, sözün əsl mənasında, öz milli maraqları əsasında müstəqil xarici siyasət yürüdən ölkədir. Təbii ki, xarici siyasət sahəsində əminliyimiz və müstəqilliyimiz uğurlu daxili siyasətimizdən qaynaqlanır.

Ərazisinin bir hissəsinin işğal olunmasına baxmayaraq, ölkəmiz inkişaf edir. Azərbaycan 2004-2014-cü illərdə dünyada ən yüksək iqtisadi artım göstəricilərinə malik oldu, yoxsulluğu kəskin şəkildə - 50 faizdən təqribən 5 faizə endirə bildi. İşsizliyin səviyyəsi də 5 faiz civarındadır. Təhsilə əsaslı sərmayələr qoyulur. Azərbaycanda savadlılığın səviyyəsi 100 faizə yaxındır. Son illər ərzində 3 mindən artıq yeni məktəb tikildi və ya bərpa edildi. Ölkə ərazisində 500-dən çox xəstəxana inşa olundu. Bu isə uşaq ölümlərinin kəskin şəkildə azaldılmasına yardım etdi.

Azərbaycanda gender bərabərliyi tam olaraq təmin edilir. Hökumət ətraf mühitin qorunmasına əsaslı sərmayə yatırır.

Azərbaycan insan inkişafı indeksində öz yerini ciddi şəkildə yaxşılaşdıraraq, 2004-cü ildə 187 ölkə arasında 91-ci yerdən 2015-ci ildə 78-ci yerə və orta insan inkişafı qrupundan yüksək insan inkişafı qrupuna yüksəlməyə nail olub.

Hətta neftin qiymətinin kəskin ucuzlaşması və neft istehsalçısı olan ölkələrin üzləşdikləri iqtisadi böhran Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərmədi.

Azərbaycan enerji resursları ilə zəngin ölkə kimi tanınır. Ancaq bizim əsas məqsədimiz “qara qızıl”ın, yəni, neftin insan kapitalına çevrilməsidir. Bu səbəbdən, təhsil sahəsinə sərmayələrin qoyuluşu, sosial müdafiənin gücləndirilməsi və islahatlar elə bir vəziyyət yaradıb ki, iqtisadiyyatımız şaxələndirilib və neftdən asılılıq azalmaqdadır.

Ölkədaxili inkişaf və əminlik zəminində xarici siyasətimiz tarazlaşdırılmış və çoxqütblü fundamental əsaslarla həyata keçirilir. Dövlətimizin başçısı tərəfindən dəfələrlə qeyd olunduğu kimi, Azərbaycanın müstəqil və şəffaf xarici siyasət kursu var. Eyni zamanda, Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini əsas götürərək bərabərhüquqluluq, daxili işlərə qarışmamaq, qarşılıqlı faydalı əməkdaşlıq, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsiplərini rəhbər tutur.

Ölkəmizin inkişaf dinamikasına və müstəqilliyinin yeni mərhələsinə, dövrün və beynəlxalq münasibətlərin dəyişən tələblərinə uyğun olaraq Heydər Əliyev strategiyasının təməl prinsipləri əsasında xarici siyasətimizin gündəliyində duran prioritetlər də yeniləşir.

Dövlətimizin başçısı tərəfindən yürüdülən uğurlu xarici siyasət gündəliyində bu gün aşağıdakı prioritetlər durur:

-Azərbaycanın müstəqilliyinin, suverenliyinin qorunması və möhkəmləndirilməsi

Təəssüflər olsun ki, əsası Vestfaliya sistemindən irəli gələn dövlətlərin suverenlik prinsipi anarxiya xarakteri daşıyan müasir beynəlxalq münasibətlərdə davamlı pozulma və kənar müdaxilələr obyekti olmaqdadır. Bəzi dövlətlər qanunsuz şəkildə özlərini bərabərhüquqlu dövlətlər içərisində “daha üstün” hesab etməyə çalışaraq digər dövlətlərin daxili işlərinə qarışmağı özlərinin “vəzifəsi” hesab edirlər. Nəticə etibarilə, bəzi ənənəvi dövlətlərin gələcək taleyini, suverenliyi və vahidliyini ciddi şəkildə təhdid edən proseslər cərəyan edir, onlar beynəlxalq hüququn subyektindən onun obyektinə çevrilir və yeni münaqişə ocaqları yaranır. Azərbaycan xalqı bugünkü müstəqilliyi bərpa etmək üçün çoxsaylı qurbanlar verib və xalqımız illər boyu bu müstəqilliyin intizarında olub. Ona görə də Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi və onun gələcək nəsillərə ərməğan edilməsi qarşımızda duran əsas vəzifələrdən biridir. Biz suveren bərabərlik prinsipindən çıxış edərək digər dövlətlərin suverenliyinə hörmətlə yanaşırıq, daxili işlərə qarışmırıq və özümüzə münasibətdə də bu cür yanaşmanı tələb edirik.

-Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin və regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması

1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edərək Azərbaycana qarşı gücdən istifadə edilməsini və onun torpaqlarının işğal olunmasını pisləyib. Bu qətnamələrdə Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini bir daha ifadə edib və Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq edərək, işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

Təhlükəsizlik Şurasının sədri tərəfindən 1992-1995-ci illər arasında qəbul edilmiş çoxsaylı bəyanatlarda da bu kimi ciddi məqamlar öz əksini tapıb. Çox təəssüf ki, Təhlükəsizlik Şurasının ilk növbədə işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması kimi qəti tələbləri hələ də icra olunmayıb və ATƏT çərçivəsində 20 ildən artıq davam edən vasitəçilik səyləri hələ də nəticə verməyib.

Xoş niyyətlə danışıqlar aparmaq əvəzinə, Ermənistan münaqişənin sülh yolu ilə həllinə yönəlik bütün cəhdləri açıq şəkildə pozur. BMT Təhlükəsizlik Şurasının tələblərinə tamamilə məhəl qoymayan və beynəlxalq hüququ kobud şəkildə pozan Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edir, zor gücünə məcburi köçkünə çevrilmiş yüz minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarına geri qayıtmasının qarşısını alır və işğal olunmuş ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişdirməklə mövcud status-kvonu daha da gücləndirməyə çalışır. Bu narahatlıq doğuran faktlar ATƏT-in faktaraşdırıcı missiyası tərəfindən bir daha təsdiq edilib.

Bundan başqa, Ermənistan diqqəti sülh prosesinin əsas və substantiv məsələlərindən atəşkəsin texniki aspektlərinə yönəltməklə diqqəti yayındırmağa çalışaraq vaxtaşırı hərbi təxribatlar törədir. Ən son olaraq bu il aprel ayının əvvəlində Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı genişmiqyaslı hücumlar həyata keçirdi. Əhalinin sıx məskunlaşdığı Azərbaycan əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerləri ağır artilleriya və iriçaplı silahlardan intensiv atəşə tutuldu. Ermənistanın məsuliyyətsiz hücumları nəticəsində uşaqlar, qadınlar və qocalar da daxil olmaqla, çoxsaylı azərbaycanlı mülki şəxslər həlak oldu və ciddi yaralandı. Vaxtında səmərəli mülki müdafiə tədbirləri görülməsəydi, əhali arasında itkilərin sayı daha çox ola bilərdi. Ermənistan həlak olmuş Azərbaycan əsgərlərinin cənazələrini eybəcər hala salıb.

Bu hücumlar zamanı Azərbaycanın 34 şəhər və kəndi ağır dağıntılara məruz qalıb. Mülki əhəmiyyətli infrastruktur da daxil olmaqla özəl və ictimai mülkiyyət xeyli dərəcədə ziyan çəkib. Yüzlərlə mülki təyinatlı bina, xüsusilə, yaşayış evləri, məktəblər, uşaq bağçaları, mədəni mərkəzlər və digər mülki obyektlər dağıdılıb.

Azərbaycan aprel döyüşlərindən sonra danışıqların substantiv əsaslarla davam etdirilməsinin tərəfdarı olduğunu açıq şəkildə bildirib. Substantiv danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status-kvonun dəyişdirilməsi və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnməlidir. Lakin Ermənistan yenə də təxribatçı əməlləri ilə danışıqlar prosesini pozmağa çalışır. Aprel hadisələri bir daha göstərdi ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu gərginliyin yaranmasının əsas səbəbidir.

Ermənistanın işğalçı siyasəti heç zaman uğurla nəticələnə bilməz. Dağlıq Qarabağ regionu Azərbaycanın ayrılmaz hissəsi olub, hissəsidir və həmişə də belə olacaq. Möhkəm və davamlı həllə nail olmağın və iki qonşu dövlət arasında sivil münasibətlər qurmağın yeganə yolu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi və qaçqın və məcburi köçkünlərin ayrılmaz hüquqlarına riayət edərək onların öz doğma yurdlarına qayıtmasının təmin olunmasıdır. Beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının müvafiq qətnamələri də elə bunları tələb edir.

Ermənistan bu reallığı nə qədər tez dərk etsə və silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarsa, münaqişə bir o qədər tez həll ediləcək, habelə Ermənistan və onun əhalisi əməkdaşlığın perspektivləri, eləcə də iqtisadi inkişafdan faydalanacaq.

Heç şübhə etmirik ki, bir gün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları əmin-amanlıq şəraitində və ləyaqətli şəkildə Azərbaycanın bu regionunda yenə birgə yaşayacaqlar. Ona görə də Dağlıq Qarabağın hər iki icması arasında sülh, razılaşma və birgə yaşama istiqamətində səylərin davam etdirilməsi həyati əhəmiyyət kəsb edir. Biz xüsusi diqqət ayrılmalı olan bu məsələləri bütöv barışıq prosesinin vacib aspektləri kimi nəzərdən keçiririk.

Münaqişənin ədalətli və beynəlxalq hüquqa uyğun həlli məqsədilə Azərbaycan bütün imkanlardan və beynəlxalq platformalardan davamlı şəkildə istifadə edəcək. Azərbaycanın beynəlxalq səviyyədə apardığı siyasətin nəticəsidir ki, NATO-nun bu il iyulun 8-9-da Varşavada keçirilmiş Zirvə toplantısında üzv dövlətlər tərəfindən dövlət və hökumət başçıları səviyyəsində qəbul edilmiş Yekun Kommunikenin 24-cü paraqrafında NATO-ya üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləməyə sadiq olduqlarını bir daha vurğuladılar, Cənubi Qafqazda mövcud olan münaqişələrin məhz beynəlxalq hüququn bu prinsipləri və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında həllini dəstəklədiklərini ifadə etdilər. Əvvəlki Zirvə toplantılarında da üzv dövlətlər tərəfindən eyni mövqe ifadə olunmuşdu.

Dövlətimizin başçısının iştirakı ilə 2016-cı il aprelin 10-15-də İstanbul şəhərində keçirilmiş İslam Sammiti Konfransının 13-cü sessiyası ölkəmizin maraqlarına cavab verən bir sıra qərarların qəbul edilməsi ilə yadda qaldı.

Tədbirin Yekun Kommunikesində Ermənistanın ölkəmizə qarşı təcavüzü, cari il aprel ayının əvvəlində işğalçı ölkə tərəfindən gərginliyin qəsdən artırılması, habelə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair İƏT Kontakt Qrupunun yaradılması haqqında təfərrüatlı bəndlər yer aldı. Bu ilin sentyabrında BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Kontakt Qrupunun İƏT baş katibinin sədrliyi ilə ilk iclası keçirildi.

Qoşulmama Hərəkatına üzv ölkələrin bu il sentyabrın 13-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilmiş XVII Sammitinin Yekun sənədində isə dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması, beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə etdilər və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırdılar.

Ermənistanın təcavüzkar siyasəti və onun nəticələri haqqında aparılan beynəlxalq maarifləndirmə tədbirləri çərçivəsində Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması istiqamətində fəal işlər davam etdirilir. 2015-ci ildə Xocalı soyqırımı ilə bağlı İƏT Nazirlər Şurası xüsusi qətnamə qəbul etdi və Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün üzv ölkələri lazımi səylər göstərməyə çağırdı. Bununla yanaşı, Qvatemala Konqresində, həmçinin ABŞ-ın Pensilvaniya ştatının Nümayəndələr Palatasında və Arizona ştatının Senatında Xocalı soyqırımına dair qətnamələr qəbul edilib. ABŞ-ın Konnektikut ştatının Nümayəndələr Palatası Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib, Corciya və Yuta ştatlarının qubernatorları isə Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyanatla çıxış ediblər. Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar Prezident İlham Əliyevin müəyyən etdiyi hücum diplomatiyası bundan sonra da qəti və prinsipial şəkildə davam etdiriləcək.

- Beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, xaricdən Azərbaycanın təhlükəsizliyinə olan hədə və təhdidlərin müəyyən edilməsi və onların qarşısının alınması

2015-ci ildən sonrakı dövr üçün İnkişaf Gündəliyinin qəbul olunmasına dair BMT Sammitinin yekun sənədində dövlətlərin beynəlxalq hüquqla təsbit olunmuş hüquq və vəzifələri xatırladılaraq və ölkəmizin ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmət edilməsinin vacibliyi bir daha təsdiq edilərək bildirildi ki, sülh olmadan davamlı inkişaf yoxdur və davamlı inkişaf olmadan sülh yoxdur.

Dünya hələ də beynəlxalq hüququn fundamental norma və prinsiplərinin pozulması ilə üzləşir. Terror təhlükəsi yeni forma və təzahür alır. Özünü dövlətə bənzər qurum kimi təqdim edən terrorçu qruplar qarşısında beynəlxalq təhlükəsizlik sistemi acizlik göstərir. Multikulturalizmin alternativi olan ksenofobiya, ifrat millətçilik, irqi ayrı-seçkilik, islamofoboya meyilləri güclənir. Beynəlxalq sülh və təhlükəsizliyə məsul olan təsisatlar üzərlərinə düşən öhdəliklərini effektiv şəkildə yerinə yetirmir. Transmilli hədə və təhdidlərlə bərabər, güc tətbiq edərək dövlətlərin ərazi bütövlüyü və suverenliyinin pozulması ilə müşayiət olunan və beynəlxalq münasibətləri sarsıdan ənənəvi təhlükələr də tüğyan etməkdədir. “Soyuq müharibə” dövrünə xas olan hərbi bloklaşma siyasəti davam edir, yeni ayırıcı xətlər çəkilir və “dəmir pərdə”lər asılır. Qlobal maliyyə-iqtisadi böhran dərinləşir və onun qarşısını almaq üçün yeni tənzimləyici mexanizmlər formalaşdırılmır. Dünya neft bazarı və qlobal ticarət siyasi konyunkturanın və manipulyasiyanın qurbanına çevrilir.

Belə bir şəraitdə Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün çoxqütblü, beynəlxalq hüququn norma və prinsiplərinə və qanunun aliliyinə əsaslanan beynəlxalq münasibətlər sisteminin qurulması naminə səy göstərir.

Azərbaycan, həmçinin nizamnamə əsaslı beynəlxalq siyasi-iqtisadi təsisatların rolunun gücləndirilməsi və effektivliyinin artırılması, xüsusilə BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının islahı, Şuranın mandatı əsasında sülhməramlı əməliyyatlarda iştirak, qlobal səviyyədə sivilizasiyalar və mədəniyyətlərarası dialoqun təşviq edilməsi, davamlı inkişaf məqsədlərinin icrasına töhfə verilməsi, qabaqcıl təcrübə mübadiləsi və humanitar yardımlar vasitəsilə beynəlxalq sistemin möhkəmlənməsinə öz dəstəyini verir.

- İkitərəfli əlaqələrin inkişaf etdirilməsi

Dövlətlərarası münasibətlərin əsasını suveren dövlətlər arasındakı münasibətlər təşkil edir. Heç də təsadüfi deyil ki, dövlətimizin başçısı tərəfindən Azərbaycanın dünya ölkələri ilə ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi xarici siyasətimiz qarşısında prioritet vəzifə kimi qoyulub. Azərbaycanın 2012-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi ölkəmizin dünya ölkələri ilə uğurlu ikitərəfli əlaqələrə malik olmasının göstəricisidir. İkitərəfli əlaqələrin inkişaf etdirilməsində qonşu dövlətlərlə hərtərəfli əməkdaşlıq prioritet istiqamətlərdən biridir. Ermənistan istisna olmaqla, bu gün bütün qonşu dövlətlərlə Azərbaycanın ikitərəfli siyasi, iqtisadi, humanitar və digər əlaqələri ardıcıl surətdə inkişaf edir. Qonşu dövlətlərlə ikitərəfli əməkdaşlığımız regional əməkdaşlıq mexanizmi olaraq üçtərəfli formatlarda da davam etdirilir.

Mərkəzi Asiya, MDB ölkələri, ərəb-İslam dünyası, Cənub-Şərqi Avropa və Avropa İttifaqına üzv dövlətlər, Asiya ölkələri, Şimali və Cənub Amerika və Afrika qitəsi ölkələri ilə əlaqələrimiz qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Bu xüsusda, MDB və İƏT-ə üzvlüyümüz, Avropa İttifaqı ilə institusional əlaqələr, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı, Amerika Dövlətləri Təşkilatı yanında müşahidəçi statusumuz, “Asiyanın ürəyi-İstanbul prosesi”ndə fəal iştirakımız, Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq Tərəfdaşı statusumuz üzv dövlətlərlə ikitərəfli əməkdaşlığımızın inkişafı üçün əlverişli zəmin yaradır. Ümid edirik ki, Avropa İttifaqına təklif edilmiş strateji tərəfdaşlığa dair Saziş əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasına imkan yaradacaq.

İkitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə diplomatik təmsilçiliyimizin coğrafiyası genişlənir. Son olaraq Azərbaycan Respublikasının Livan Respublikasında, Əlcəzair Xalq Demokratik Respublikasında səfirliyi və İraq Respublikasında diplomatik nümayəndəliyi fəaliyyətə başlayıb. Hazırda dünya boyunca Azərbaycanın 80-dən artıq diplomatik nümayəndəliyi mövcuddur.

-Çoxtərəfli diplomatiyanın inkişaf etdirilməsi

Çoxtərəfli diplomatiyanın inkişaf etdirilməsi prosesində Azərbaycan universal beynəlxalq təşkilat kimi BMT və onun ixtisaslaşmış təsisatları ilə əməkdaşlığa, BMT-nin ali orqanları olan Təhlükəsizlik Şurası və Baş Assambleyanın dövrün islah edilməsi və effektivliyinin artırılmasına xüsusi önəm verir. Birləşmiş Millətlər Təşkilatı beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılması, dövlətlər arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığa nail olunması kimi nəcib məqsədlər naminə universal təşkilat kimi mühüm rol oynamaqdadır.

2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə öz mühüm töhfəsini verdi. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə BMT Təhlükəsizlik Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında birgə iclas keçirildi.

Bu ilin iyun ayında Azərbaycan BMT Baş Assambleyasında keçirilmiş səsvermədə iştirak edən 184 üzv dövlətdən 176-nın səsini qazanmaqla 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildi. ECOSOC davamlı inkişafa dair peşəkar müzakirələr aparmaq üçün mərkəzi platforma olmaqla, bizə beynəlxalq inkişafa töhfə vermək üçün əlavə imkan yaradacaq.

BMT Baş Assambleyasından sonra 120 dövlətin iştirak etdiyi Qoşulmama Hərəkatı ən böyük beynəlxalq platformadır. 2011-ci ildə Azərbaycan Qoşulma Hərəkatına üzv oldu. Qoşulmama Hərəkatı yarandığı tarixdən bəri beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayır. Mövcud olduğu 50 ilə yaxın müddət ərzində Hərəkata üzv dövlətlər ortaq prinsip və dəyərləri qoruyub saxlayıb və qarşılıqlı əməkdaşlığa gətirib çıxaran fəaliyyət üçün ortaq zəmin yaratmaq bacarığı nümayiş etdirib.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının bu il sentyabrın 13-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilmiş XVII Sammitinin yekun sənədində 2019-cu ildə XVIII Zirvə toplantısının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub. 2019-cu ildə Bakıda keçiriləcək XIX Sammit həm də rəmzi xarakter daşıyacaq. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazanacaq. 2019-2022-ci illər ərzində Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək.

Azərbaycan tamhüquqlu üzv olduğu regional beynəlxalq təşkilatlar çərçivəsində də fəallıq nümayiş etdirir və yeni əməkdaşlıq formalarının müəyyən edilməsi üçün təkliflərlə çıxış edir. Bu xüsusda, ATƏT, Avropa Şurası, İƏT, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, QUAM, QDİƏT və başqaları qeyd oluna bilər.

-İkitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi, ölkəmizin enerji və nəqliyyat strategiyasının həyata keçirilməsi

Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, ölkənin iqtisadi potensialının xaricdə təşviq olunması, qeyri-neft sektorunun şaxələndirilməsi, ixracın təşviqi və genişləndirilməsi, xarici sərmayələrin ölkəmizə cəlb edilməsi, tərəfdaş ölkələrə Azərbaycan sərmayələrinin yatırılmasının təşviqi, Azərbaycanın və xarici ölkələrin dövlət və işgüzar dairələrinin nümayəndələrinin səfərlərinin təşkili, iqtisadi əməkdaşlıq üzrə Azərbaycanın xarici dövlətlərlə birgə hökumətlərarası komissiya və işçi qruplarının iclaslarının keçirilməsi, ölkəmizdə istehsal olunan məhsul və xidmətlərin yeni bazarlara çıxarılması, eyni zamanda, xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların ölkəmizə cəlb edilməsi ikitərəfli əməkdaşlıqda əsas istiqamətlərdir. Bu istiqamətdə Xarici İşlər Nazirliyi İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə birlikdə Hökumətlərarası Birgə Komissiyaların iclaslarının keçirilməsi, biznes forumların təşkil edilməsi üçün iş aparır. İkitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsində turizm sahəsində əməkdaşlıq da mühüm yer tutur. Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin diplomatik nümayəndəlikləri Azərbaycanın turizm imkanlarının tanıdılması üçün turizm baxımından cəlbedici ölkələrdə birgə iş aparırlar.

Regional və beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi enerji və nəqliyyat layihələri regional əməkdaşlığa töhfə verib. Biz fəal şəkildə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsində iştirak edirik. Transxəzər beynəlxalq marşrutunun yaradılması və tezliklə istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisi əhəmiyyətli layihələr sırasındadır. Çinin İpək Yolu İqtisadi Kəməri konsepsiyasının tam reallığa çevrilməsi sözügedən dəmir yolunu regionun ən vacib infrastrukturları sırasına qoşacaq.

Əminik ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu layihəsinin erkən tamamlanması iqtisadi artıma yeni stimul verəcək, layihəyə cəlb olunan ölkələr, eləcə də bütün region üçün nəqliyyat imkanlarını genişləndirəcək.

Azərbaycan irimiqyaslı enerji layihəsinin – “Cənub Qaz Dəhlizi” layihəsinin təşəbbüskarıdır. Bu, enerji əməkdaşlığı və enerji təhlükəsizliyi layihəsidir. Bu enerji və nəqliyyat dəhlizləri yalnız enerji və yüklərin daşınması demək deyil. Bu, hərtərəfli əməkdaşlıq dəhlizləridir. “Cənub Qaz Dəhlizi” layihəsinin üzvləri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadır. Əminik ki, sonrakı mərhələdə Balkan ölkələri də layihəyə qoşulacaq.

“Cənub Qaz Dəhlizi”nin vacib komponentləri olan “Şahdəniz-2”, TANAP və TAP layihələrinin icrası istiqamətində Azərbaycan tərəfdaşlarla birlikdə davamlı siyasətini davam etdirir.

-Xəzər dənizinin sülh və əməkdaşlıq məkanı kimi inkişaf etdirilməsi

Danışıqlar prosesi çərçivəsində Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin müddəalarının razılaşdırılması ilə bağlı əhəmiyyətli işlər görülüb. Qəbul olunmuş siyasi qərarlar və Xəzəryanı dövlətlərin rəhbərlərinin sammitləri çərçivəsində əldə olunmuş razılaşmalar bütövlükdə Konvensiya layihəsinə dair gələcək danışıqların effektivliyinə kömək edir.

Xəzər dənizi Xəzər regionu ölkələrinin xalqlarının iqtisadi inkişafı və rifahına, həmçinin dünya enerji təhlükəsizliyinin təmin olunmasına yönələn bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir.

Beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, enerji resurslarının əldə olunması və beynəlxalq bazarlara nəqli ilə bağlı investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz əlaqələrin yaradılması, yüksək gəlirli və ekoloji cəhətdən təmiz texnologiyanın cəlb olunması ilə bağlı məsələlər Xəzəryanı dövlətlərin vacib prioritetləri olaraq qalır.

Azərbaycan tərəfi əmindir ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlər Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda, həmçinin tərəflər arasında, xüsusən regional sabitlik, təhlükəsizlik və Xəzər hövzəsində iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərdə inam və etibarın möhkəmləndirilməsi yolu ilə həll olunmalıdır. Etimad tədbirlərinə, həmçinin bütün Xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şəraitinin təmin olunması da daxil olmalıdır. Biz, həmçinin əminik ki, Xəzər dənizində sabitliyin möhkəmləndirilməsi bütün tərəflərin maraqlarının nəzərə alınmasına, eləcə də bir-birilərinin təhlükəsizliyinə zərər vurmaması, Xəzəryanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə hörmət göstərilməsi və bir-birilərinin daxili işlərinə qarışmamasına əsaslanmalıdır.

Biz Xəzərin ətraf mühitinin bugünkü vəziyyəti ilə bağlı Xəzəryanı dövlətlərin ümumi narahatlıqlarını bölüşürük və Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıyıq.

-Sivilizasiyalararası dialoq və multikulturalizmin inkişafı

Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Ölkəmiz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüdür.. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb.

Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim siyasətimiz və həyat tərzimizdir. Əsrlər boyu Azərbaycan ölkəmizdə mövcud olan siyasi və sosial vəziyyətə baxmayaraq bu sərvəti qoruyub saxlamışdır.

Bizim üçün multikulturalizm dövlət siyasətidir. Ölkəmizdə hər iki ildən bir Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Mütəmadi olaraq Azərbaycan Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi edir. Burada da əsas məqsəd müxtəlif dinlərin nümayəndələrinin bir araya gətirilməsindən, aramızda daha mühüm qarşılıqlı anlaşmanın yaradılmasından ibarətdir.

Azərbaycan dinlərarası dialoq kimi vacib məsələyə həsr edilmiş Dünya Dini Liderlərinin zirvə toplantısına ev sahibliyi etmişdir. Bu mövzu bu gün dünyanın gündəliyində duran ən mühüm məsələlərdəndir və Sivilizasiyalar Alyansının rolu artmaqdadır.

2008-ci ildə biz “Bakı Prosesi”nin təşəbbüskarı olduq ki, bu da mədəniyyətlərarası dialoq üçün geniş bir platformaya çevrildi. Azərbaycan, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv olan yalnız bir neçə dövlətdən biridir. Beləliklə, 2008-ci ildə Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakıda təşkil edilmiş toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərini dəvət etdik. Bu iki təşkilatı təmsil edən 100-dən artıq nazir ilk dəfə Bakıda bir araya gəldi.

Növbəti il, 2009-cu ildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərini bir arada topladı və Avropa dövlətlərinin mədəniyyət nazirlərini Bakıya dəvət etdik. Bu proses “Bakı Prosesi” adlandırıldı. Bu proses inkişaf edir və getdikcə daha çox dəstəklənir. O, qlobal təşəbbüsə çevrilir, həmrəylik, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqa öz töhfəsini verir.

2016-cı il Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycanda multikulturalizm ili” elan edilmişdir. Nəticədə, milli və beynəlxalq səviyyədə multikulturalizmin bəşəri ideallarını qoruyub saxlamaq və yaymaq tədbirlərini nəzərdə tutan xüsusi Fəaliyyət Planı hazırlanıb.

2016-cı aprelin 25-27-də Azərbaycan BMT Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış” mövzusuna həsr olunmuş 7-ci Qlobal Forumuna ev sahibliyi etmişdir. Bu mühüm tədbirə dövlət və hökumət başçıları, nazirlər, dövlət rəsmiləri, media və beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla, 147 ölkədən 4 mindən artıq iştirakçı qatılıb. Forumun mövzuları davamlı inkişaf üçün inklüziv cəmiyyətlərin əsas komponent kimi təşviq edilməsinin də daxil olduğu Davamlı İnkişaf üzrə 2030 Gündəliyini özündə əks etdirib. Forumun əsas nəticəsi Bakı Bəyannaməsi oldu. Bu Bəyannamə ayrı-seçkilik, düşmənçilik və zorakılığa rəvac verən dini nifrətə istənilən dəstəyi kəskin şəkildə qınadı və üzv dövlətləri zorakı ekstremizmin bütün forma və təzahürlərinə qarşı birləşməyə çağırdı.

Bakı Bəyannaməsi dövlətlər və beynəlxalq təşkilatlar üçün beynəlxalq dialoq və multikulturalizmin zorakılıq, ekstremizm və ksenofobiyaya qaşı mübarizə vasitəsi kimi təşviqində əsas rəhbər prinsipə çevrilməkdədir.

Gələn ilin aprel ayında Azərbaycan Bakı Prosesi çərçivəsində 2011-ci ildən etibarən hər iki ildən bir keçirilən Beynəlxalq Mədəniyyətlərarası Dialoq üzrə 4-cü Dünya Forumuna ev sahibliyi edəcəkdir.

Roma Papası Fransiskin bu ilin 2 oktyabr tarixində Azərbaycana pastoral səfəri ölkəmizin mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfəsinin mühüm nümunəsi idi.

-Mədəni, humanitar və idman diplomatiyasının davam etdirilməsi

Bakı şəhəri artıq dünya miqyasında siyasi, mədəni, idman və biznes təyinatlı mötəbər tədbirlərin keçirildiyi məkandır. Bir tərəfdən ölkəmizin və Bakı şəhərinin infrastrukturu, digər tərəfdən isə dövlətimizin xoşməramlı siyasəti bu kimi tədbirlərin keçirilməsi üçün mühüm zəmin yaradır. 1-ci Avropa Oyunlarının ardınca “Formula-1” Avropa Qran-Prisinin Bakıda keçirilməsi prosesini 2017-ci ildə ölkəmizin ev sahibliyi edəcəyi İslam Həmrəylik Oyunları tamamlayacaq.

Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və mədəni-humanitar əsaslarda Azərbaycanın tərəfdaşlığının genişləndirilməsi üçün mühüm işlər görülür.

Ölkə daxilində inkişaf hüququnun reallaşdırılması məqsədilə müvafiq tədbirlər görməklə yanaşı, Azərbaycan xüsusilə Heydər Əliyev Fondu və Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi – AIDA vasitəsilə beynəlxalq inkişaf səylərində fəal rol oynayır. Yeni donor ölkə kimi Azərbaycan inkişaf etməkdə olan ölkələrin üzləşdiyi humanitar və sosial-iqtisadi çağırışlara AIDA və digər kanallar vasitəsilə cavab verir.

Azərbaycan artıq dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr, silahlı qarşıdurmalar və təbii fəlakətlər nəticəsində kütləvi şəkildə yaşayış yerlərini dəyişməyə məcbur qalmış insanlara da yardım göstərir. Buna misal olaraq, İordaniyada məskunlaşmış suriyalı qaçqınlara, eləcə də Pakistanda daşqınlar nəticəsində ziyan dəymiş 25 min insana və Afrika ölkələrində “Ebola” epidemiyasından əziyyət çəkmiş əhaliyə ayrılan yardımı göstərmək olar.

BMT-nin İqtisadi və Sosial Şurasının yeni seçilmiş üzvü kimi Azərbaycan Şurada üzvlüyü ərzində İnkişaf Hüququ Bəyannaməsinin reallaşdırılmasına köməklik edəcəkdir.

-Xarici ölkələrdə yaşayan vətəndaşlarımızın və soydaşlarımızın, habelə hüquqi şəxslərinin hüquqlarının müdafiəsi və bərpası və Azərbaycan diasporu ilə iş.

Dövlətimizin uğurlu xarici siyasət kursunun həyata keçirilməsinin vacib istiqamətlərindən biri xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsi və onlara göstərilən konsul xidmətinin səmərəliliyinin və intensivliyinin artırılması, ümumilikdə isə, bu istiqamətdə xarici dövlətlərlə diplomatik və konsulluq əlaqələrinin inkişafına təkan verilməsinə yönələn fəaliyyətdir. Məhz bu səbəbdən 2015-ci il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, qarşılaşdıqları çətinliklərin həlli və bu məqsədlə xarici dövlətlərlə konsulluq sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində əsaslı tədbirlər görülüb.

Xaricdə yaşayan soydaşlarımızın hüquqularının müdafiəsi, onların Azərbaycan Respublikasında olduqları müddət ərzində hüquqi vəziyyətlərini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi və soydaşlarımıza müvafiq imtiyazların tətbiq edilməsi imkanlarının araşdırılması istiqamətində fəaliyyət həyata keçirilir.

Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 01 iyun 2016-cı il tarixli Fərmanından irəli gələn tapşırıqların icrası məqsədilə Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və digər müvafiq dövlət qurumların mütəxəssisləri tərəfindən birgə iş aparılır. Yaxın vaxtlarda “ASAN Viza”nın tətbiqinə başlanılacaq.

Fərmanda qeyd olunduğu kimi “ASAN Viza” Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza rəsmilləşdirilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılmasını ehtiva edir. Ölkə rəhbərliyinin həyata keçirdiyi mütərəqqi idarəetmə islahatlarının tərkib hissəsi olan “ASAN Viza” ölkəmizə turist axınının təşviq edilməsi baxımdan da xüsusi əhəmiyyətə malikdir.

2016-cı il martın 16-da Bakıda keçirilmiş Dünya azərbaycanlılarının II Qurultayında çıxış edən dövlətimizin başçısı Heydər Əliyev siyasətinin Azərbaycanda hər bir sahədə davam etdirildiyini, xarici siyasətimiz çox uğurlu, çox fəal olduğunu, Azərbaycan beynəlxalq təşkilatlarda çox önəmli yer tutduğunu, mövqelərimizin möhkəmləndiyini və Azərbaycanın addımlarının bütün sahələrdə, o cümlədən xarici siyasətdə müsbət nəticələrini verdiyini qeyd edərək, diaspora fəaliyyətinin gücləndirilməsi, diplomatik nümayəndəliklərlə əlaqələndirmənin artırılması və diasporumuzun təşkilatlanması ilə əlaqədar konkret vəzifə və tapşırıqlar müəyyən edilmişdir.

Ümummilli lider Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir və dönməzdir” deyə uzaqgörən və müdrik kəlamının fəlsəfəsinə və mahiyyətinə sadiq olaraq, uğurlu daxili siyasətimizin məntiqi davamı olan xarici siyasətimiz 25 illik müstəqillik dövründə milli maraqlarımızın beynəlxalq səviyyədə qorunması və həyata keçirilməsinə, dövlətimizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət etmişdir. Əminliklə deyə bilərik ki, qarşıdan gələn illərdə də dövlətimizin başçısının rəhbərliyi altında gündəlikdə olan prioritetlərimizin həyata keçirilməsi üçün fəal və davamlı xarici siyasətimiz davam edəcəkdir.

Elmar Məmmədyarov

Azərbaycan Respublikasının xarici işlər naziri

 

http://azertag.az/xeber/25_illik_musteqillik_dovrune_baxis_ve_xarici_siyasetimizin_chagdas_prioritetleri-1003018 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti