news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 mart 2016

Xarici işlər naziri Elmar Məmmədyarovun "Коммерсантъ" qəzetinə müsahibəsi

Azərbaycan hərbi sahədə Rusiya ilə əməkdaşlığı davam etdirməyə hazırdır. Rusiyadan silah alınması barədə kontraktlarla əlaqədar Moskva ilə Bakı arasında həll edilməmiş maliyyə məsələlərinin mövcud olması barədə məlumatlar isə həqiqətə uyğun deyil.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu fikri Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində söyləyib. Nazir Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin bu yaxınlarda Bakıya səfərinin təfsilatı barədə söhbət açıb, həmçinin Rusiyadan Ermənistana silah göndərilməsi ilə əlaqədar Azərbaycan tərəfindən RF XİN-ə ünvanlanmış notanın məzmununu izah edib. AZƏRTAC müsahibəni təqdim edir.

-Dmitri Roqozinin bu yaxınlarda Bakıya səfəri zamanı Azərbaycana Rusiya silahlarının göndərilməsi məsələsi müzakirə edilib. Bu kontraktların qrafikini razılaşdırmaq və ödənişlər problemini həll etmək mümkün olubmu?

-Ödənişlərlə bağlı heç bir problem yoxdur. Rusiyadan silah alınması barədə kontraktlarla əlaqədar Moskva ilə Bakı arasında həll edilməmiş maliyyə məsələlərinin mövcud olması barədə məlumatlar isə həqiqətə uyğun deyil. Biz bütün ödənişləri kontraktlara uyğun olaraq yerinə yetiririk. Lakin kontraktların icrası ilə bağlı problemlər var: yəni, Azərbaycana daxil olan silahlar kontraktlarda qeyd edilən texniki parametrlərə uyğun olmalıdır. Dmitri Roqozin bu parametrlərlə bağlı problemin nədən ibarət olmasını aydınlaşdırmaq üçün Bakıya gəlmişdi, ona hərtərəfli izahat verildi, heç bir sual qalmadı.

-Belə çıxır ki, ödəniş problemi, ümumiyyətlə, müzakirə olunmayıb?

-Təkrar edirəm: Bizdə silahlar barədə kontraktların maliyyə dəstəyi ilə bağlı problem yoxdur. Əsas məsələ budur ki, mal kondisiyaya uyğun olsun. Sazişin reallaşdırılması müddətləri baxımından bütün işlər plan üzrə gedir. Məsələ ondadır ki, silahların bir neçə konkret növünün texniki parametrlərinin təshih edilməsinə ehtiyac var. Dmitri Roqozinin sözlərinə görə, bu məsələ də ən yaxın vaxtlarda həll ediləcək. Bütövlükdə hərbi-texniki əməkdaşlıq sahəsində Rusiya ilə münasibətlərimiz kommersiya prinsiplərinə uyğun olaraq və qarşılıqlı faydalı əməkdaşlıq əsasında uğurla inkişaf edir.

-Ermənistana Rusiyadan silah göndərilməsi ilə əlaqədar Bakının Moskvaya ünvanladığı notanın mahiyyəti nədən ibarətdir?

-O, bu qəbildən ilk nota deyildir. Rusiya bir tərəfdən Minsk qrupunun həmsədri kimi çıxış edir. Digər tərəfdən, biz etiraf edirik ki, hər bir dövlətin lazım bildiyi ölkəyə silah satmaq hüququ var. Notanın məzmunu ondan ibarət idi ki, Rusiya Ermənistana silah satarkən bu silahların Azərbaycanın işğal edilmiş ərazilərinə gəlib çıxmamasını nəzərə alsın. Bu qəbildən mal göndərmələrdə son istifadəçi qaydası mövcuddur. Əgər son istifadəçi Ermənistan olsaydı, bu məsələ Moskva ilə Yerevan arasında ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxmazdı. Amma silahlar Azərbaycanın işğal edilmiş ərazilərinə düşəndə isə tamam başqa vəziyyət yaranır.

-İstənilən halda bu silah Dağlıq Qarabağın ərazisinə gedib çıxacaq.

-Notanın mahiyyəti də bundan ibarətdir. Nəzərə alsaq ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır, onda işğal edilmiş ərazilərdə Rusiya silahının olması heç bir məntiqə sığmır. Moskvanın sonrakı bəyanatlarından bəlli oldu ki, Rusiya XİN-də bizim verdiyimiz notanın ahəngini düzgün qəbul ediblər.

-Bu günlərdə Ankarada Azərbaycan və Türkiyə liderləri arasında danışıqlar olub. Rusiya-Türkiyə münaqişəsi Bakı ilə Moskvanın münasibətlərinə hər hansı şəkildə təsir göstərirmi?

-Güman etmirəm. Həm Rusiya, həm də Türkiyə ilə bu cür xoş münasibətləri olan Azərbaycan ən qısa müddətdə Rusiya-Türkiyə münasibətlərinin tam normallaşmasında hamıdan çox maraqlıdır.

-Bakı özünü vasitəçi rolunda görürmü?

-Vasitəçilik çox gurultulu səslənir. İstənilən halda mən bu məsələni həm türkiyəli, həm də rusiyalı həmkarlarımla müzakirə edirəm. Türkiyə tərəfindən vurulmuş Rusiya təyyarəsi ilə bağlı çox xoşagəlməz insidentdən sonra biz Sergey Lavrovla bu mövzuya dəfələrlə toxunmuşuq. Baş vermiş hadisənin üstündən keçmək və irəli getmək lazım olduğu nə qədər tez anlaşılsa, hamı üçün bir o qədər yaxşı olacaq.

-Sizin rusiyalı həmkarınızla növbəti görüşünüzün gündəliyinə daha hansı məsələlər daxil olacaq?

-Biz ikitərəfli əməkdaşlığın inkişafını, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edəcəyik. Bu halda biz diqqəti “Şimal-Cənub” nəqliyyat dəhlizinin perspektivləri – Şimali Avropa ölkələrinin, Rusiyanın, Azərbaycanın, İranın, daha sonra Pakistanın və Hindistanın dəmir yollarının birləşdirilməsi ideyası üzərində cəmləşdirməyi planlaşdırırıq. Bu yaxınlarda biz İrandan qayıtmışıq. Tehranda bu layihənin reallaşdırılmasına böyük maraq olduğunu bildirirlər.

-Ermənistan bu layihədən kənarda qalır.

-Yerevan həmin layihədə hansı formada iştirak edə biləcəyini özü müəyyənləşdirməlidir. Lakin Azərbaycanın və Ermənistanın dəmir yolu və nəqliyyat infrastrukturunu müqayisə etsək, onların səviyyəsi müqayisəyəgəlməzdir. Bizim dəmir yolumuz İran sərhədinə qədər çəkilib. Bu ilin sonuna qədər dəmir yolu körpüsü tikiləcək və İrana çıxışı təmin edən yol birləşdiriləcək. İran tərəfi isə yaxın iki ildə Xəzər dənizinin sahili boyunca Rəştdən (İran) Astaraya (Azərbaycan) dəmir yolu tikintisini başa çatdırmağı planlaşdırır. Söhbət artıq mövcud olan real infrastrukturdan gedir.

-Bakının Rusiyadan qaz almaq məsələsində mövqeyi necədir? Uzun müddətdir ki, üç milyard kubmetrə qədər qaz almaq barədə sövdəni razılaşdırmaq mümkün olmur. Moskvada bu vəziyyətlə tanış olan mənbələr bildirirlər ki, Bakı, o cümlədən həmin sövdələşmənin Qərb tərəfindən qəbul olunmadığına görə tərəddüd edir.

-Belə düşünmək - qaranlıq otaqda qara pişik olmadığını bilə-bilə onu orada axtarmağa bənzəyir. Mənə məlum olduğuna görə, SOCAR ilə “Qazprom” müntəzəm əlaqə saxlayırlar. Qiymətlər barədə söhbətlər gedir, parametrlər razılaşdırılır. Hər iki dövlət şirkəti optimal mənfəət axtarır və bu, normal prosesdir. Satışın həcmi məsələsi isə həqiqətən mövcuddur.

-Yəni, bunun üçün gizlin siyasi səbəblər yoxdur?

-Mən belə səbəblər görmürəm.

-Dağlıq Qarabağ ətrafında vəziyyət barədə. Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində nə üçün obyektiv nəzarət mexanizmi yaradılmayıb?

-Atəşkəs rejiminin pozulması qurbanlarının böyük əksəriyyəti Azərbaycanın mülki əhalisidir. Təmas xəttinin o biri tərəfində - Ermənistanın işğal etdiyi ərazidə, ümumiyyətlə, mülki əhali yoxdur: orada əsrlər boyu yaşayan azərbaycanlılar yalnız azərbaycanlı olduqlarına görə doğma yurdlarından zorla qovulublar. Yerevan belə bir mexanizmin işə salınmasının zəruriliyi məsələsini qəsdən gündəliyə çıxarır. Bu, texniki məsələdir və Ermənistana münaqişənin hərtərəfli siyasi-hüquqi həllindən diqqəti yayındırmaq, status-kvonu qoruyub saxlamaq və Azərbaycan ərazilərinin işğalını davam etdirmək üçün lazımdır. Biz əvvəllər də demişik ki, insidentlərin təhqiqatı mexanizmini həmin ərazilərdən erməni qoşunlarının çıxarılması prosesində tətbiq etmək olardı. Onlar Azərbaycan ərazilərini tərk edən kimi insidentlər tamamilə aradan qalxacaq, heç nəyi təhqiq etməyə ehtiyac olmayacaq.

-Tənzimləmə məsələsinə ATƏT-in Minsk qrupunun fəaliyyətindən əlavə danışıqlar formatlarını da qoşmağa ehtiyac varmı?

-Velosiped icad etmək lazım deyil. Münaqişənin həllinin hüquqi əsası BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrində çoxdan müəyyən edilib. Minsk qrupunun həmsədrləri öz mandatlarına müvafiq olaraq təsirli tədbirlər görməli və Ermənistandan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb etməlidir. Lakin Yerevan bu prosesə hər vasitə ilə mane olur və həmsədrlər bunu çox gözəl bilirlər.

Məqalənin tərcüməsi: AZƏRTAC

Mənbə: Коммерсантъ

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti