news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 noyabr 2016

Xarici işlər naziri Elmar Məmmədyarovun İspaniyanın EFE agentliyinə müsahibəsi

Müsahibənin ispan dilindən qeyri-rəsmi tərcüməsi

Xarici işlər naziri Elmar Məmmədyarov EFE agentliyinə müsahibəsində Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmayınca münaqişənin sülh yolu ilə həllinin mümkün olmadığını bildirdi.

Nazir dedi: “Tezliklə Ermənistan bu reallığı dərk edərsə və öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxararsa, tezliklə də münaqişə öz həllinə tapar”.

Məmmədyarov əlavə etdi ki, hal-hazırda Ermənistan nəinki BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərini yerinə yetirir, əksinə “münaqişənin mahiyyətindən yayınmaq üçün silahlı təxribatlara əl atır”.

O bildirdi ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və ölkə əhalisinin hər doqquz nəfərindən biri qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Məmmədyarov dedi: “Ermənistan Azərbaycana qarşı müharibəyə başlamasına, Azərbaycana qarşı gücdən istifadəyə, onun ərazilərinin işğalına, işğal olunmuş ərazilərdə etnik təmizləmə və digər ağır cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyır”.

Xarici işlər naziri E.Məmmədyarov vurğuladı ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq münaqişənin həlli Ermənistana və onun əhalisinə “əməkdaşlıq perspektivləri və iqtisadi inkişafdan faydalanmağa imkan yaradacaqdır”.

Azərbaycanın Şərqlə Qərbin qovşağında yerləşdiyini deyən nazir Azərbaycanın hər iki sivilizasiyanın dəyərlərini daşıdığını və onlar arasında yalnız coğrafi baxımdan deyil, həm də mədəni baxımdan körpü rolunu oynadığını diqqətə çatdırdı.

O dedi: “Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri mədəniyyətlər və dinlərarası dialoqun təşviq edilməsidir”. Nazir Azərbaycanın bu ilin aprel ayında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna Azərbaycanın paytaxtı Bakı şəhərinin ev sahibliyi etdiyini və ölkəsinin BMT-nin Sivilizasiyalar Alyansı ilə yaxından əməkdaşlıq etdiyini xatırlatdı.

İspaniyanın Sivilizasiyalar Alyansına dəstəyini yüksək qiymətləndirən nazir E.Məmmədyarov son illər ərzində Bakı ilə Madrid arasında pozitiv dialoqun inkişaf etdiyini və əlaqələrin gücləndiyini bildirdi. Onu da əlavə etdi ki, bu ikitərəfli əlaqələrin inkişaf etdirilməsi potensialının və imkanlarının son həddi deyildir.

Avropa İttifaqı ilə əlaqələrə toxunan Nazir Elmar Məmmədyarov 2016-ci ildə Aİ ilə əlaqələrdə iki mühüm ildönümünün qeyd olunduğunu vurğuladı: Avropa İttifaqı ilə Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Sazişin 20 illiyi və Aİ və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun 10 illiyi. O dedi: “Son iki onillik ərzində Aİ ilə əlaqələr müxtəlif mərhələlərdən keçib və qarşılıqlı maraq doğuran sahələrdə daha yaxın və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı ilə nəticələnib”. Xarici işlər naziri Azərbaycanın zəngin karbohidrogen resurslarına malik ölkə kimi əhəmiyyətli həcmdə xam neftin Avropa bazarlarına çıxarılmasını təmin etməklə Aİ-nin enerji təhlükəsizliyinə öz əsaslı töhfəsini verdiyini qeyd etdi.

O, Aİ ilə enerji sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycan qazının ixracını nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsi üzərində işin aparıldığını diqqətə çatdırdı. E.Məmmədyarov bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və enerji təminatının diversifikasiya olunmasında mühüm amil olduğunu bildirdi.

Rusiya ilə əlaqələrə gəlincə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını və qarşlıqlı faydalı şəkildə inkişaf etdiyini söylədi. O dedi: “Azərbaycanda 500-dən artıq Rusiya şirkəti fəaliyyət göstərir, onların 200-ü sırf Rusiya kapitalı, 300-ü isə birgə müəssisə kimi çalışır”.

Nazir Azərbaycanın xarici siyasət prioritetləri sırasına Latın Amerikası ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsinin də daxil olduğunu vurğuladı. E.Məmmədyarov: “Son illər ərzində Azərbaycan və Latın Amerikası ölkələri qarşılıqlı faydalı əməkdaşlığın inkişafı və dərinləşdirilməsi üçün əsaslı səylər göstərirlər”.

http://www.lavanguardia.com/politica/20161114/411860526315/canciller-azerbaiyano-sin-retirada-de-armenia-no-habra-arreglo-en-karabaj.html

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti