news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 sentyabr 2016

Xarici işlər naziri Elmar Məmmədyarovun BMT Sivilizasiyalar Alyansının Dostlar Qrupu nazirlərinin görüşündə çıxışı

qeyri-rəsmi tərcümə

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT Sivilizasiyalar Alyansının Dostlar Qrupu nazirlərinin “İnkluziv dialoqun təşviqi ilə ksenofobiyaya qarşı mübarizə” mövzusunda görüşündə çıxışı

Nyu-York, 23 sentyabr 2016-cı il

Hörmətli Baş katib,

Hörmətli Sivilizasiyalar Alyansı üzrə ali nümayəndə,

Hörmətli nümayəndə heyətləri,

Xanımlar və cənablar,

İlk növbədə mən BMT Sivilizasiyalar Alyansı Dostlar Qrupunun illik iclasının iştirakçılarını salamlayıram və bu olduqca əhəmiyyətli tədbirə görə təşkilatçılara öz təşəkkürümü bildirirəm. Azərbaycan Respublikası BMT Sivilizasiyalar Alyansının fəaliyyətini yüksək qiymətləndirir və bu istiqamətdə istənilən zəruri töhfəni verməyə hazırdır.

Din və etiqadla bağlı qeyri-tolerantlıq, ayrıseçkilik və zorakılığın artdığı müasir dünyada mədəniyyətlər və dinlərarası dialoq tolerantlıq, davamlı sülh, sabitlik və inkişafı təşviq edən ən önəmli vasitələrdən birinə çevrilmişdir. Bu xüsusda, BMT-nin Sivilizasiyalar Alyansı ölkələr, mədəniyyətlər və sivilizasiyalar boyu tolerantlıq, sülh və daha yaxşı anlaşmanın təşviqi üçün qlobal dialoq və əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rol oynayır.

Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun bütün səviyyələrdə təşviq edilməsinə böyük önəm verir. Multikulturalizm və tolerantlıq mənim ölkəmdə cəmiyyətimizi gücləndirən və birləşdirən uzunmüddətli ənənədir. Əsrlər boyu müxtəlif millətlər və dinlərə mənsub insanlar Azərbaycanda sülh içərisində və ləyaqətlə yaşayıblar. 2016-cı il Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycanda multikulturalizm ili” elan edilmişdir. Nəticədə, milli və beynəlxalq səviyyədə multikulturalizmin bəşəri ideallarını qoruyub saxlamaq və yaymaq tədbirlərini nəzərdə tutan xüsusi Fəaliyyət Planı hazırlanmışdır.

25-27 aprel 2016-cı ildə Azərbaycan BMT Sivilizasiyalar Alyansının “İnkluziv cəmiyyətlərdə birgəyaşayış” mövzusuna həsr olunmuş 7-ci Qlobal Forumuna ev sahibliyi etmişdir. Bu mühüm tədbirə dövlət və hökumət başçıları, nazirlər, dövlət rəsmiləri, media və beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla, 147 ölkədən 4 mindən artıq iştirakçı qatılmışdır. Forumun mövzuları davamlı inkişaf üçün inkluziv cəmiyyətlərin əsas komponent kimi təşviq edilməsinin də daxil olduğu Davamlı İnkişaf üzrə 2030 Gündəliyini özündə əks etdirmişdir. Fürsətdən istifadə edərək, mən adıçəkilən Forumun təşkilatçı və iştirakçılarına təşəkkür etmək istərdim.

Forumun əsas nəticəsi Bakı Bəyannaməsi oldu. Bu Bəyannamə ayrıseçkilik, düşmənçilik və zorakılığa rəvac verən dini nifrətə istənilən dəstəyi kəskin şəkildə qınadı və üzv dövlətləri zorakı ektremizmin bütün forma və təzahürlərinə qarşı birləşməyə çağırdı.

Bakı Bəyannaməsi dövlətlər və beynəlxalq təşkilatlar üçün beynəlxalq dialoq və multikulturalizmin zorakılıq, ekstremizm və ksenofobiyaya qaşı mübarizə vasitəsi kimi təşviqində əsas rəhbər prinsipə çevrilməlidir. İnkluziv cəmiyyətlərin yaradılması və inkişafında gənclərin xüsusi rolunu qəbul edərək, Forum çərçivəsində 150-dən artıq gəncin iştirak etdiyi BMT Sivilizasiyalar Alyansının Gənclər Tədbiri də keçirilmişdir. Mən 20-21 oktyabr 2016-cı ildə Türkiyənin İstanbul şəhərində BMT-nin Sivilizasiyalar Alyansı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının birgə təşkilatçılığı ilə "Zorakı ekstremizmin qarşısının alınması və ona qarşı mübarizədə gənclərin rolu" mövzusunda keçiriləcək beynəlxalq konfransı alqışlayıram.

Gələn ilin aprel ayında Azərbaycan Bakı Prosesi çərçivəsində 2011-ci ildən etibarən hər iki ildən bir keçirilən Beynəlxalq Mədəniyyətlərarası Dialoq üzrə 4-cü Dünya Forumuna ev sahibliyi edəcəkdir. Biz bütün tərəfdaşlarımızı və maraqlı tərəfləri adıçəkilən tədbirdə fəal iştirak etməyə dəvət edirik. Mən həmçinin yüksək səviyyəli əməkdaşlıq təcrübəsinə əsaslanaraq, bu yaxınlarda Azərbaycan Hökumətinin BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə “Mədəniyyətlərarası Dialoq üzrə Bakı – Sivilizasiyalar Alyansı mükafatı” adlı yeni layihə ilə bağlı razılığa gəlməsini də qeyd etməkdən şadam.

Mən də əvvəlki natiqlərin fikirlərinə şərik çıxaraq bildirmək istərdim ki, qaçqın və miqrantların kütləvi şəkildə yerdəyişməsi kontekstində mədəniyyətlərarası dialoq, dözümlülüyün təşviq edilməsi və zorakı ekstremizmin qarşısının alınması daha artan əhəmiyyət qazanmışdır. Etnik təmizləmə nəticəsində öz evindən didərgin düşmüş bir milyondan artıq məcburi köçkün və qaçqınlara malik olan Azərbaycan bu problemi daha yaxından başa düşür. Qaçqın və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasının təmin olunması beynəlxalq səylərin mərkəzində olmalıdır.

Yekun olaraq, mən əvvəlki tədbirlər kimi bugünkü görüşün də etimadsızlıq, yanlış mülahizələr və nifrətə qarşı mübarizə və dialoq, qarşılıqlı hörmət və anlaşmanın təşviqi üzrə birgə səylərə uğurlu töhfə verəcəyinə əminliyimi ifadə edirəm.

Təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti