Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-nazirini Motome Takisavanı qəbul edib
Görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə olundu və əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların və siyasi iradənin mövcud olduğu vurğulandı.
Nazir Elmar Məmmədyarov Yapon şirkətlərinin müxtəlif sahələr üzrə ölkəmizdəki uğurlu fəaliyyətindən və əməkdaşlığın genişləndirilməsi üçün yaradılan imkanlarından söz açdı. E.Məmmədyarov Motome Takisavanın bu səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.
Görüşdə Azərbaycanla Yaponiya arasında iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən neft-qaz, yüksək texnologiyalar, kənd təsərrüfatı, əczaçılıq, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətarfında fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında Yaponiya vətəndaşlarına viza rəsmiləşdirilməsi məsələsi görüşdə məmnunluqla qeyd edildi. Həmçinin, diplomatik və xidməti pasporta malik olan şəxslərin vizalardan azad olunması haqqında Sazişin imzalanması istiqamətində səylərin artırılmasının vacibliyi bildirildi.
Motome Takisava ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişafına xüsusi diqqət verdiyini vurğuladı və beynəlxalq təşkilatlar çərçivəsində keçirilən səsvermələrdə Azərbaycanın Yaponiyaya verdiyi dəstəyi yüksək qiymətləndirdi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.